Tbilisidə xüsusi təyinatlılar parlament qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
APA-nın Tbilisi müxbirinin məlumatına görə, yerli telekanallar çərşənbə axşamı keçirilən mitinqi canlı yayımlayıb.
***
20.34
Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qarşıdurma aksiya liderlərinin etirazçları parlamentin hər üç girişini bloklamağa çağırmasından sonra baş verib. Polisin aksiyaçıların hərəkətinə icazə verməməsi nəticəsində qarşıdurma baş verib. İnsident baş verən əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb ediliblər.
Küçəni bloklayan xüsusi təyinatlılar etirazçılara parlament binasının girişinə hərəkət etməyə imkan verməyiblər.
Aksiya iştirakçıları “ruslar”, “kölələr” şüarları səsləndirirlər.
***
19.35
Tbilisidə Gürcüstan parlamenti qarşısında keçirilən aksiyanın miqyası genişlənib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər. Aksiya iştirakçıları “Rusiya qanununa yox” şüarı səsləndirirlər. Etiraz aksiyası səbəbilə parlament binasının yerləşdiyi mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, çox sayda polis cəlb edilib.
***
17:25
Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının girişinə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və vətəndaşlar parlamentin plenar sessiyasında müzakirəyə çıxarılan “agentlər haqqında” qanuna etiraz edirlər. Aksiya iştirakçıları “Rusiya qanununa yox” şüarı səsləndirirlər.
Aksiya səbəbilə parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis cəlb edilib.