Dünya ölkələrinin texnoloji inkişaf prosesində müxtəlif beynəlxalq tədbirlərin, festivalların və yarışların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu yarışda iştirak edən ölkələr ən müasir texnoloji həllərlə tanış olur ki, bu da hər bir ölkənin modern dünyaya açılmasına dəstək olur.
Bu tip vacib texnoloji tədbirlər sırasında artıq 21 ildir ki, hər il keçirilən “Ümumdünya Aviasiya Festivalı”nı (The World Aviation Festival) misal çəkmək olar. Belə ki, festivalın 20 illiyinə həsr olunmuş yubiley tədbiri ötən il Amsterdamda baş tutub. Bu il isə “Ümumdünya Aviasiya Festivalı” Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.
Qardaş Türkiyənin “Teknofest”-i
Qardaş Türkiyə son 20 il ərzində güclü inkişaf yolu keçərək, adını texnoloji cəhətdən yüksək səviyyədə inkişaf etmiş dünya ölkələri siyahısına əlavə edib. Türkiyədə təşkil edilən “Teknofest” Aerokosmik və Texnologiya Festivalı da buna bariz nümunələrdən biridir.

“Teknofest” artıq Türkiyədə milli texnologiyanın inkişaf etdirilməsində mühüm rol oynamaqdadır. İlk dəfə 2018-ci ildən keçirilməyə başlamış “Teknofest” cəmiyyətdə, xüsusən gənc nəsildə texnologiyaya marağı artırmağı hədəfləyir. Festival çərçivəsində yüz minlərlə gəncin arzularını həyata keçirə bilməsi üçün müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışları təşkil edilir. Məsələn, ilk dəfə İstanbul Hava Limanında təşkil edilən “Teknofest”-də 14 fərqli kateqoriyada keçirilən texnologiya yarışlarında iştirak üçün ümumilikdə 4 333 komanda və 20 min gənc müraciət etdiyi halda, 2019-cu ildə yenə də İstanbul Hava Limanında keçirilmiş “Teknofest”-də 19 fərqli kateqoriyada keçirilən texnologiya yarışlarında iştirak üçün 122 ölkədən və Türkiyənin 81 vilayətindən 17 373 komanda, iştirakçı qismində isə 50 min nəfər müraciət etmişdi.
2021-ci ildə Atatürk Beynəlxalq Hava Limanında təşkil olunan “Teknofest” Festivalında yarışlarda iştirak üçün 35 fərqli kateqoriyada xarici ölkələrdən və Türkiyədən 44 912 komanda, 200 min iştirakçı müraciət edib. Qardaş ölkənin təşkil etdiyi bu əlamətdar texnologiya tədbirində Azərbaycan da ilk dəfə 2021-ci ildə iştirak edib.
Qardaş ölkələr texnologiya sahəsində səylərini birləşdirir
Ötən il Türkiyənin Qara dəniz bölgəsində, Samsun Çarşamba Hava Limanında keçirilmiş festivalda 40 fərqli kateqoriyada yarışlar təşkil edilib, iştirak üçün 100-dən çox ölkədən və Türkiyədən ümumilikdə 154 mindən çox komanda, 600 mindən yuxarı şəxs müraciət edib. Həmin il ilk dəfə olaraq “Teknofest”in xaricdə keçirilməsi qərara alınıb ki, bu da Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutub. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi olub. “Teknofest Azərbaycan” ötən ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib, festivalda 10 fərqli kateqoriya üzrə 1010 komanda və 5636 nəfərin müraciəti qəbul edilib.

“Teknofest Azərbaycan” çərçivəsində 10 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil edilib.
Tədbirin sərgi hissəsində tərəfdaş şirkətlərin məhsul və həlləri, eləcə də gənclərin hazırladıqları prototiplər və STEM (Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik və Mathematics - riyaziyyat) layihələri, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və helikopterlər nümayiş olunub. Başqa sözlə, Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları (PUA) sərgilənib.
Qeyd edək ki, “Teknofest” çərçivəsində festival ab-havasına uyğun olaraq hava şouları, konsertlər, müsahibələr və müxtəlif mövzularda tədbirlər də təşkil olunur. Bakıda keçirilən “Teknofest” çərçivəsində də təşkil olunan hava şoularında Azərbaycan HHQ-nin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları nümayiş etdirilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.
Festivalda şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, o cümlədən incəsənət xadimlərinin çıxışları olub.
“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
Cümhuriyyətin 100 illiyində mühüm mesaj
“Teknofest” keçmişindən ilham alaraq milli texnologiyaların inkişaf etdirilməsi təşəbbüsüdür. Beləliklə, son 20 ildə Türkiyədə həyata keçirilən siyasətin nəticəsi olaraq “Teknofest” gəncliyi formalaşır. Azərbaycan gəncliyi də bu yoldadır.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 iliyi ilə əlaqədar keçiriləcək “Teknofest” İzmir, Ankara və İstanbul şəhərlərində təşkil olunacaq. Bu möhtəşəm festival bir daha qardaş ölkənin texnologiya sahəsində lider ölkələr sırasına yer almaqda olduğunu bir daha nümayiş etdirəcək.