Ukrayna Avropa İttifaqına üzv olmaq üçün iki ildən sonra tam hazır olmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Baş nazir Denis Şmıqal Ukraynanın bərpası ilə bağlı İtaliya hökuməti tərəfindən təşkil olunan konfransda iştirak etmək üçün Romaya səfəri zamanı bildirib.
“Biz iki il ərzində Aİ üzvlüyünə tam hazır olmaq üçün iddialıyıq. Əminik ki, müttəfiqlərimizlə birlikdə təkcə ölkəmizə deyil, İtaliyaya və bütün Avropaya fayda verəcək Ukraynanın tez bir zamanda bərpası proqramını həyata keçirəcəyik”, - Ukrayna hökumətinin başçısı bildirib.
Şmıqal həmçinin İtaliya şirkətlərinin bərpa proqramında əsas rol oynaya biləcəyini vurğulayıb:
“Biz italyan iş adamlarını əməkdaşlığa dəvət edirik, çünki Ukraynanın bərpası planı bu il başlayır”.
Qeyd edək ki, Deniz Şmıqal İtaliya hökuməti tərəfindən təşkil edilən Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etmək üçün bu gün Romaya gedib.
Konfranda iki ölkənin hakimiyyət və biznes strukturlarının nümayəndələri iştirak edəcək. Belə ki, 600-dən çox şirkətin iştirakı gözlənilir.
Həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin də videokonfrans şəklində iştirak edəcəyi gözlənilir.
Konfransın sonunda isə İtaliyanın Baş naziri Giorgia Meloni və Şmıqalın birgə bəyanatla çıxış edəcəyi planlaşdırılır.