Ukrayna Ali Radası baş prokuror Ruslan Kravçenkonun vəzifədən azad olunmasına səs verib.
APA xəbər verir ki, Kravçenkonun baş prokuror vəzifəsindən azad edilməsinə 317 deputat səs verib.
Qeyd edək ki, Kravçenko sentyabrın 7-də istefa ərizəsi verib. Bu, prokurorların da adlarının hallandığı Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) keçirdiyi “Karfagen” əməliyyatından sonra baş verib.
Kravçenko sentyabrın 14-də Baş prokuror vəzifəsində olarkən NABU-nun direktoruna qarşı şübhə barədə qərar imzaladığını açıqlayıb və NABU və SAP rəhbərlərinin istefa verməsinə çağırıb.
NABU və SAP isə Kravçenkonun açıqlamasını “müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumun davamı” adlandırıb.
Zelenski sentyabrın 14-də Ali Radaya Kravçenkonun vəzifədən azad edilməsini təsdiqləməyə çağırıb.
Ukrayna mediası daha əvvəl Kravçenkonun sentyabrın 14-nə keçən gecə ölkəni tərk etdiyini yazıb. Kravçenko daha sonra ölkədən getdiyini təsdiqləyib.