Ukrayna Prezident Ofisi Vilnüsdə keçiriləcək NATO sammitindən gözləntisini açıqlayıb.
APA xəbər verir ki, Ukrayna Prezident Ofisinin yüksək səviyyəli rəsmilər sabah Vilnüsdə keçiriləcək sammitlə bağlı "Twitter" hesablarında paylaşımlar ediblər.
Prezident Ofisinin rəhbəri Andriy Yermak paylaşımında bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsində mövqeyi konkretdir: "Sabah Vilnüsdə NATO sammiti başlayır. Bu gün intensiv şəkildə işləyirik. Müttəfiqlərimizlə kommunikasiyadayıq. Ukraynanın mövqeyi konkretdir. Yaxşı xəbərlər gözləyirk. Bizim dostlarımız və müttəfiqlərimizə - ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə, Aİ, Albaniya, Monteneqro, Norveç, İslandiya və Şimali Makedoniyaya mövqeyinə görə təşəkkür!", Yermak bildirib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak da ölkəsinin NATO sammitindən gözləntilərini qeyd edib:
"NATO Sammitindən nə gözləyirik? Alyansın Vilnüsdəki liderləri bunu aydın və qəti bildirməlidirlər: Ukraynanın NATO-ya üzvlüyünə alternativ yoxdur. NATO-dakı Ukrayna Avropanın təhlükəsizliyinin təməl daşıdır. Ukrayna heç bir “amma” və bürokratik gecikmələr olmadan mütləq Alyansa üzv olacaq. O vaxta qədər: daha çox texnika, daha çox mərmi, daha çox silah", Podolyak vurğulayıb.