Ukraynanın hərbi komandanlığı Avdeevkadakı hərbi birləşmələrə baş çəkib

Ukraynanın hərbi komandanlığı Avdeevkadakı hərbi birləşmələrə baş çəkib
# 14 fevral 2024 12:28 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Umerov Avdeevka və Kupyansk istiqamətlərində müdafiəni həyata keçirən hərbi hissə və birləşmələrə baş çəkib.

APA xəbər verir ki, bu barədə baş komandan Sırski "Telegram" hesabında məlumat verib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əməliyyat mühitinin "son dərəcə mürəkkəb və stresli" olduğunu qeyd edərək, Rusiya qüvvələrinin öz səylərini artırmağa davam etdiyini və şəxsi heyətdə say üstünlüyünə malik olduğunu bildirib:

"Onlar (ruslar -red.) verdikləri itkilərlə hesablaşmır və yüksək itkilərə yol açan taktikadan istifadə etməyə davam edirlər. Məsələn, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri təkcə Avdeevka rayonunda rus işğalçılarının 29 hücumunu dəf edib. Bundan əlavə, düşmən aviasiyadan fəal şəkildə istifadə edir, idarə olunan aviasiya bombaları ilə ziyan vurur, mövqelərimizi ağır minaatan və artilleriya atəşinə tutur".

Sırski qeyd edib ki, müdafiə naziri ilə birgə hərbi hissələrin mövcud ehtiyatları və ehtiyacları təhlil edilib: “Görülən işlərin yekunlarına əsasən, hərbi hissələrimizin döyüş qabiliyyətinin gücləndirilməsi və düşmənin hərəkətlərinin qarşısının alınmasına yönəlmiş bir sıra mühüm qərarlar qəbul edilib. Çətin vəziyyətə baxmayaraq, Ukrayna Müdafiə Qüvvələri düşmənə xeyli itki verdirir. Eyni zamanda, itkilərimizi minimuma endirmək, əsgərlərimizin həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR