Bakı. Ağa Cəfərli-APA. Marsel şəhərinin prokuroru Brice Robin martın 24-də Fransanın cənubunda qəzaya uğrayan Almaniya hava yollarına aid təyyarə ilə bağlı maraqlı məlumatlar açıqlayıb.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Brice Robin təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.
Brice Robin köməkçi pilotun təyyarəni qəsdən aşağıdan sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə əsas pilotun pilot otağını tərk etməsindən sonra baş verib.
Amma prokuror qəzanın terror hadisəsi olması ilə bağlı əllərində hər hansı bir məlumatın olmadığını da söyləyib.
Brice Robin deyib ki, təyyarənin ikinci qara qutusu hələ də tapılmayıb.
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi martın 24-də günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.