Bakı. Zümrüd Paşayeva – APA. Bu gün dövlət katibinin köməkçisi Bill Börnsün rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə İran rəsmiləri Tehranın nüvə proqramının müzakirəsi üçün Cenevrədə görüşəcəklər. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Bu ikitərəfli məsləhətləşmələr Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonun rəhbərlik etdiyi nüvə danışıqları kontekstində keçiriləcək”, - deyə Dövlət Departamentindən bildirilib.
ABŞ nümayəndə heyətinə vitse-prezident Co Baydenin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sullivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman da daxildir.