Bakı - APA. Nüfuzlu “EurActiv” xəbər portalında Ermənistandan gələn nüvə təhlükəsi ilə bağlı məqalə dərc olunub.
APA-nın məlumatına görə, “Ermənistanın keçmiş baş naziri ölkəsinin nüvə silahlarına malik olduğunu deyir” başlıqlı yazıda Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın bu ilin 29 aprel tarixində keçirdiyi mətbuat konfransı zamanı ölkəsinin nüvə silahına malik olması ilə bağlı verdiyi bəyanatlardan bəhs olunur.
Müəllif qeyd edir ki, Ermənistanla Azərbaycan müharibə vəziyyətində olduğu üçün verilən bəyanat narahatlıq doğurur.
Məqalədə həmçinin İsrailin əsas beyin mərkəzi hesab edilən “İsrail Demokratiya İnstitutu”nun beynəlxalq əlaqələr bölməsinin rəhbəri Maayan Jaffe-Hoffmanın bu ilin 8 may tarixində “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində Q. Baqratyanın açıqlamasının ciddi qəbul edilməli olduğu bildirdiyi, son vaxtlarda ermənilər tərəfindən Gürcüstan ərazisinə radioaktiv nüvə materialları keçirərək onların satışı və qaçaqmalçılığı ilə məşğul olmaları ilə bağlı faktları misal gətirdiyi vurğulanıb.
Bununla yanaşı məqalədə, bu ilin 3 may tarixində “The Washington Times” qəzetində İsrailin “Begin-Sadat” strateji araşdırmalar mərkəzi və “Bar İlan Universiteti”nin aparıcı elmi işçisi Aleksandr Murinsonun sözügedən məsələyə həsr olunmuş yazısına nəzər salınır. A. Murinsonun yazısında bir neçə gün əvvəl Ermənistan vətəndaşlarının 200 milyon dollar dəyərində nüvə materiallarının qeyri-qanuni satışını həyata keçirməyə cəhd edərkən həbs edilmələri ilə bağlı Gürcüstan dövlət orqanlarının yaydığı xəbərdən bəhs etdiyi qeyd olunur. Məqalənin sonunda “EurActiv” xəbər portalının Ermənistanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinə müraciət edərək, nümayəndəlikdən Q. Baqratyanın bəyanatlarına münasibət bildirilməsini xahiş etdiyi bildirilir.