APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Brüsseldə Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib. “Vladimir Putin öz davranışlarını dəyişməyincə, Rusiyaya qarşı sanksiyalar da dəyişdirilməyəcək”, - deyə o, söyləyib.
D. Kemeron bildirib ki, Britaniya Minsk sazişini o vaxt alqışlayacaq ki, bu sənəd yerinə yetirilsin: “Əgər bu, həqiqətən atəşkəsə gətirib çıxaracaqsa, biz onu alqışlayacağıq. Kağızda əks olunmuş sözlər yetərli deyil, bunların yerində icra olunması lazımdır”.
Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini isə bəyan edib ki, Minsk razılaşmaları yerinə yetirilməyə başlayarsa, sanksiyaların qismən ləğvi məsələsinə baxılacaq: “Sonrakı sanksiyalar haqda söhbət aparılmır. Mövcud sanksiyaların ləğvi də müzakirə olunmur. Lakin razılaşmalar yerinə yetirilməyə başlayarsa, sanksiyaların bir hissəsinin götürülməsinə baxılacaq. Biz bilirik ki, müqavilələr imzalamaq vacibdir, lakin onları yerinə yetirmək daha vacibdir”.