Gürcüstanda Rusiyadan Ermənistana təbii qaz ötürən “Şimali Qafqaz-Zaqafqaziya” magistral boru kəmərinin təmiri başa çatıb.
APA-nın yerli bürosunun Gürcüstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, boru kəmərinin Kür çayı-Xevi hissəsi yenidən qurularaq asma formada tikilib.
Layihənin dəyəri 1,4 mln. lari (1 milyon manat-red.) təşkil edib.
Gürcüstanın energetika naziri İlya Eloşvili və Neft və Qaz Korporasiyasının baş direktoru Davit Tvalaberişvili qaz kəmərinin təmir olunmuş hissəsinə baxış keçiriblər. İ. Eloşvili boru kəmərini strateji infrastruktur adlandıraraq qeyd edib ki, bu kəmər vasitəsilə Ermənistan təbii qazla təmin olunur, Gürcüstan isə tranzitdən gəlir əldə edir.
Boru kəmərinin 1200 mm diametrli Kür çayı-Xevi hissəsi yerin altında olduğundan mürəkkəb hidroloji və geoloji şərait onun təhlükəsiz fəaliyyəti üçün problemlər yaradırdı. Təmir işlərindən sonra boru kəmərinin təhlükəsizliyi artırılacaq və qaz təminatı sistemi təbii fəlakətlərdən mühafizə olunacaq.