Bank Of Baku

Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib

Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
# 19 iyun 2026 14:42 (UTC +04:00)

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı mövqenin növbəti təsdiqidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələrini və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəfləri əks etdirir.

Beynəlxalq etimad Azərbaycanın əsas üstünlüklərindən biridir

Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirildiyini göstərir: “Azərbaycan son onillikdə dünyanın diqqət mərkəzində olan çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. COP29 kimi qlobal əhəmiyyətli tədbirin Bakıda keçirilməsi, Ümumdünya Şəhərsalma Forumunun ölkəmizə həvalə olunması və digər beynəlxalq toplantıların təşkili Azərbaycanın təşkilatçılıq imkanlarının və beynəlxalq nüfuzunun göstəricisidir. Ölkəmizin beynəlxalq təşkilatlarda qazandığı uğurlar da bu etimadın nəticəsidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən geniş beynəlxalq dəstək aldı. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə isə qlobal problemlərin həlli ilə bağlı vacib təşəbbüslərlə çıxış etdi. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir”.

Davamlı inkişafın təməlində sabitlik dayanır

Deputat hesab edir ki, Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biri ölkədə mövcud olan sabit ictimai-siyasi mühitdir: “Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, sabitlik hər bir inkişaf modelinin əsas sütunudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra mürəkkəb mərhələlərdən keçsə də, sonrakı dövrdə davamlı inkişafı təmin edən güclü dövlətçilik sistemi formalaşdırılıb. Bu gün ölkəmiz regionun ən təhlükəsiz və sabit dövlətlərindən biri hesab olunur. Məhz bu amil iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıb. İnvestorlar üçün ən vacib məsələlərdən biri proqnozlaşdırılan və təhlükəsiz mühitdir. Azərbaycanda formalaşan siyasi və iqtisadi sabitlik ölkəyə böyük həcmdə sərmayələrin cəlb edilməsinə şərait yaradıb”.

Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi gücünün real göstəriciləridir: “Bu gün ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının 70 faizdən çox olması çox mühüm göstəricidir. Bu nəticə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uzun illər ərzində həyata keçirilən siyasətin uğurundan xəbər verir. Azərbaycan artıq yalnız enerji sektoruna söykənən iqtisadi modeldən uzaqlaşaraq çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub”.

Deputat qeyd edib ki, ölkənin xarici borc yükünün aşağı səviyyədə olması da mühüm üstünlükdür:

“Xarici dövlət borcunun ÜDM-in təxminən 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə dayanıqlığını nümayiş etdirir. Bu göstərici bir çox inkişaf etmiş ölkələrin göstəricilərindən daha yaxşıdır. Eyni zamanda ölkəyə 350 milyard dollara yaxın investisiyanın cəlb edilməsi investorların Azərbaycan iqtisadiyyatına olan inamının göstəricisidir”.

Onun sözlərinə görə, iqtisadi inkişaf sosial sahədə də özünü göstərir:

“Yoxsulluğun və işsizliyin 5 faiz ətrafında olması dövlətin həyata keçirdiyi sosial proqramların səmərəsini göstərir. İnsan amili Azərbaycanın inkişaf siyasətinin mərkəzində dayanır”.

Azərbaycan Avrasiyanın mühüm enerji və nəqliyyat qovşağıdır

Deputat bildirib ki, ölkəmiz son illərdə enerji və logistika sahəsində strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:

“Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Bu, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuzu uğurla qoruyur və genişləndirir”.

Arzuxan Əlizadə nəqliyyat sektorunda əldə olunan nəticələrin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan regionun əsas logistika mərkəzlərindən birinə çevrilib. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları ölkəmizin tranzit imkanlarını genişləndirib. Qarşıya qoyulan əsas məqsədlərdən biri yükdaşımaların həcmini yaxın illərdə iki dəfə artırmaqdır. Digər tərəfdən, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri dünyanın ən genişmiqyaslı yenidənqurma proqramlarından biridir. Azad edilmiş ərazilərə indiyədək 17 milyard dollara yaxın vəsait yönəldilib. Həyata keçirilən layihələr bölgənin iqtisadi potensialının tam reallaşdırılmasına xidmət edir. Böyük Qayıdış Proqramının uğurlu icrası artıq konkret nəticələr verir. Hazırda 90 minə yaxın vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda yaşayır, fəaliyyət göstərir və təhsil alır. Bu, dövlət tərəfindən həyata keçirilən siyasətin uğurunun ən aydın göstəricilərindən biridir”.

Yaşıl enerji və ərzaq təhlükəsizliyi yeni dövrün prioritetləridir

Deputat vurğulayıb ki, qarşıdakı dövrdə Azərbaycanın inkişaf strategiyasında yeni istiqamətlər mühüm yer tutur:

“Qeyri-neft sektorunun daha da genişləndirilməsi, yüksək texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Dünyada baş verən geosiyasi və iqtisadi proseslər bu istiqamətlərin əhəmiyyətini daha da artırır. Bərpaolunan enerji layihələri də Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq. 2032-ci ilədək 8 qiqavat həcmində günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır. Bu layihələr həm enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də ölkənin yaşıl iqtisadiyyata keçidinə xidmət edəcək. Azərbaycan artıq ənənəvi enerji ilə yanaşı, yaşıl enerji sahəsində də regional liderlərdən birinə çevrilmək istiqamətində inamla irəliləyir. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi mesajlar bir daha göstərir ki, Azərbaycan sabitlik, güclü iqtisadi siyasət, beynəlxalq əməkdaşlıq və milli maraqlara əsaslanan inkişaf kursunu uğurla davam etdirir. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın iqtisadi və siyasi həyatında mühüm rol oynayan dövlətlərdən biridir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirəcək və dayanıqlı inkişafını təmin edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR