Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Aİ-nın iqlim və enerji məsələləri üzrə komissarı Migel Arias Kanyete NATO-nun Brüsseldə "Enerji sektorunun inkişafı və Avropa enerji icma yığıncağında çıxış ediblər. Sonra tərəflər arasında görüş olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, G. Kvirikaşvili Aİ-nin etibarlı tərəfdaş olduğunu və onun maksimum enerji bazarı yaratmaq istədiyini bildirib. Nazir həmçinin Gürcüstanda həyata keçirilən enerji layihələri haqqında Avropa İttifaqı Komissarına ətraflı məlumat verib.
O, qeyd edib ki, hazırda ölkədə 114 bərpa olunan enerji mənbələri üzrə 6,4 milyard dəyərində layihələr həyata keçirilmək ərəfəsindədir. G. Kvirikaşvili 2016-cı ilin birinci rübündən başlayaraq, Gürcüstanda ilk pilot külək enerji layihələrinin həyata keçiriləcəyini bildirib.
Baş nazirin mətbuat xidmətindən APA-ya bildirilib ki, Aİ-nın komissarı Migel Arias Kanyete və G. Kvirikaşvili arasında baş tutan görüş zamanı tərəflər "Cənub Qaz Dəhlizi", “Cənubi Qafqaz Boru Kəməri” və "Şahdəniz-2" layihələrinin əhəmiyyətini də müzakirə ediblər.
Görüşdə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və regional sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.