Bakı. Rüfət Əhmədzadə - APA. İsveçrə hökuməti Rusiya və Ukraynaya silah ixracatı ilə bağlı əlavə məhdudiyyətlər tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bundan başqa, İsveçrə İqtisadiyyat Nazirliyi Rusiyanın Avropa Birliyinin sektoral sanksiyalarından İsveçrə ərazisində yayınmasının qarşısını almaq üçün tədbirlər hazırlayır.
Bu məsələ ilə bağlı ölkənin Federal Şurasının rəsmi saytında bəyanat yerləşdirilib. Bəyanatda deyilir ki, Ukraynadakı münaqişənin gərginləşməsini nəzərə alaraq Federal Şura Ukrayna və Rusiyaya hərbi texnika ixracatı barədə qadağanı genişləndirməyə qərar verib: “Məhdudiyyət və qadağalar siyahısına bir sıra hərbi təyinatlı məhsullar da əlavə edilib”.
Söhbət pilotsuz təyyarələrdən, təlim-məşq təyyarələri və radiocihazlardan gedir.
Həmçinin Federal Şura qərara alıb ki, İsveçrə ərazisində Avropa Birliyinin sanksiyalarından yan keçməyə yol verilməsin. Buna baxmayaraq, İsveçrə rəsmən həmin sanksiyalara qoşulmur.