Adına övliyalar şəhəri deyirlər Kastamonunun. Yeddi min illik tarixi və mədəniyyəti olan bu şəhərdə ürfan məktəbinin böyük nümayəndələrindən olan Şeyx Şaban Vəlinin dillər əzbəri olan alqışına çox yerdə rast gələrsiniz: “Gəlişiniz gülə-gülə, gedişiniz gülə-gülə, hər işiniz gülə-gülə...”
Bir şəhər təsəvvür edin ki, Anadoluda ilk qadın mitinqi məhz orada təşkil olunub. Orda ilk sənət məktəbi açılıb. Kastamonu Fateh Sultan Mehmedin, Yavuz Sultan Səlimin, II Bəyazidin və Sultan Süleyman Qanuninin müəllimlərinin şəhəridir. Hə, bir də Kastamonu o şəhərdir ki, Məhməd Akif Ərsoy “İstiqlal marşı”nı ilk dəfə məhz bu şəhərdə oxuyub: “Korkma, sönmez bu şafaklarda yüzen al sancak...”
* * *
Yeddi min illik tarix...
Kastamonu 2018-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında elan olunan qərar çərçivəsində qardaş ölkədə il boyu bir sıra tədbirlər keçiriləcək. Azərbaycanlı jurnalistlərin, o cümlədən, türk dünyasının müxtəlif ölkələrindən gələn jurnalistlərin Kastamonu şəhərinə səfəri də bu məqsədlə təşkil olunmuşdu. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və qardaş ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər çərçivəsində Kastamonunun tarixi yerləri, infrastrukturu, turizm və sənaye həyatı haqqında media nümayəndələrinə ətraflı məlumat verildi. Amma bu haqda bir qədər sonra...
Kastamonunun mədəniyyət paytaxtı elan olunmasına həsr olunan təntənəli mərasimdən əvvəl nazir Numan Kurtulmuş, şəhər valisi, millət vəkilləri media nümayəndələri üçün mətbuat konfransı təşkil etmişdi. Jurnalistlərin çoxsaylı suallarına cavab verən nazir TÜRKSOY haqqında yüksək fikirlər səsləndirdi. Numan Kurtulmuş təşkilatı türk dünyasının UNESCO-su kimi dəyərləndirdi:
“2016-cı ildən bu yana Azərbaycanın Şəki şəhəri də daxil olmaqla, 6 şəhər türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu, fövqəladə vacib addımdır. Böyük şəhərlər onsuz da tanınır. Amma mədəniyyəti, tarixi qədim olan, sadəcə, nisbətən kiçik şəhərləri insanlara daha yaxından tanıtmaq lazımdır. İl ərzində jurnalistlər, idmançılar, musiqiçilər, elm xadimləri Kastamonuya gələcəklər. Bunun nəticəsində Kastamonu kimi qədim və gözəl şəhərimizi dünyaya daha yaxından tanıdacağıq. Kastamonu 7 min illik tarixi və mədəniyyəti olan qədim şəhərdir. Müsəlmanların – türklərin bura gəlib məskunlaşması isə 900 il əvvəl olub. Ona görə də Kastamonunun mədəniyyət paytaxtı elan olunması onun haqqıdır. Bu şəhər ürfan məktəbinin böyük nümayəndələrindən biri olan Şeyx Şaban Vəlinin vətənidir. Bu baxımdan 2018-ci ildə biz ürfan mədəniyyətini də dünyaya tanıtmaq üçün də fürsət qazanmışıq”.
Tədbirdə nazir Numan Kurtulmuş azərbaycanlı jurnalistlərin də suallarını cavablandırdı. Ölkəmiz haqqında yüksək fikirlər səsləndirən nazir “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə bizim üzərimizə hansı vəzifələr düşərsə, onları həyata keçirməyə hər zaman hazırıq” – deyə, bəyan etdi.
Mətbuat konfransının ardınca şəhərin mədəniyyət paytaxtı elan olunmasına həsr olunan təntənəli mərasim baş tutdu. Tədbirdə əvvəlcə Kastamonu şəhərinin və TÜRKSOY-un təqdimat filmləri nümayiş olundu. Sonra Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk Dünyası Musiqi Toplumu tərəfindən konsert verildi. Konsertdə türk dünyasına məxsus bir-birindən dəyərli əsərlər səsləndirildi. Daha sonra Kastamonu Bələdiyyəsi Xalq Oyunları Komandası "Sepetçioğlu” oyununu nümayiş etdirdi.
İlk çıxış edən TÜRKSOY-un baş katibi Düsein Kaseinov oldu. O, 2018-ci ilin rəhbərlik etdiyi təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı: “TÜRKSOY bu il yaranmasının 25-ci ildönümünü bayram edir. Təşkilatımız bütün dünyada tanınan, nüfuzlu qurum olaraq il boyu Kastamonuda müxtəlif tədbirlər keçirəcək. Hazırda müxtəlif türk respublikalarından bir neçə şəhər bu adı daşıyır. Bu titula sahib olan şəhərlərimiz mədəni irsi qorumaq, təbliğ etmək baxımından ciddi təcrübəyə malikdirlər. Bəzi mədəniyyət paytaxtlarımız daha sonra UNESCO-nun siyahılarına daxil olub”.
Nazir Numan Kurtulmuş, Kastamonu bələdiyyə başçısı Tahsin Babaş, vali Yaşar Karadeniz, millət vəkilləri Murad Dəmir, Metin Çelik, Haqqı Köylü və başqaları qeyd etdilər ki, bu layihə türk dünyasında mədəni əməkdaşlığı artırmaq, türk mədəniyyətinin yayılması, mədəniyyət sahəsində qarşılıqlı fikir mübadiləsi, eləcə də ölkələrin bir-birinə yaxınlaşmasını təmin etmək məqsədi daşıyır.
Nazirin sözlərinə görə, bu şəhərin Asiyanın dərinlikləri ilə də bağları var: “İslam Xorasandan ərənlərin sayəsində Anadoluya gəlib. Xoca Əhməd Yesevinin təlimləri bu torpaqlara qədər Şeyx Şaban Vəli ilə gəlib, buradan da Avropanın içərilərinə doğru yayılıb. Kastamonu bu bağı davam etdirən əhəmiyyətli şəhərlərdən biridir. Anadolu torpaqlarının əbədi torpaqlarımız olması yalnız qılınclarla deyil, uca könüllü insanların təlimləri sayəsində də gerçəkləşib. Kastamonu bu ruhun kristallaşdığı, bu gün də həmin ruhu yaşadan şəhərlərimizdən biridir”.
Kastamonu Anadoludakı ən qədim şəhərlərdən biridir. Şəhərdə antik və türk-islam dövrünə aid bir çox tarixi əsər var. Kastamonu Qalası, Atabəy Məscidi, Şeyx Şabanı Vəli Türbəsi, Yanıq Sultan Türbəsi, Nasrullah Məscidi, saat qülləsi və buna bənzər bir çox tarixi eksponat mövcuddur. Kastamonu şəhər mərkəzində Türkiyədə açılan ilk "Şəhər Tarixi Muzeyi" də var. Kastamonuda hazırlanan çəkmə halvası bütün ölkə içində məşhurdur. Şəhərin 114 min, kəndləri ilə bərabər isə vilayətin 370 min əhalisi var.
Qeyd etdiyim kimi, Kastamonu tarixi abidələrlə zəngin şəhərdir. Amma bu o demək deyil ki, şəhərdə müasir binalar yoxdur. Sadəcə, şəhərin mərkəzində yeni tikililəri az-az görmək olar. Bu şəhərə gəlib Cümhuriyyət meydanını, Ilqaz Dağı Milli Parkını, Mahmut bəy məscidi və Kastamonu muzeyini, Halva evini, Etnoqrafiya muzeyini görmədən getmək olmaz.
Şeyx Şaban Vəli kimdir?
Şeyx Şaban Vəli Kastamonunun Daşkörpü qəsəbəsində anadan olub. Onun doğum tarixi ilə bağlı müxtəlif versiyalar var. Bəzi mənbələrdə Şeyx Şabanın 1481, bəzilərində isə 1490, yaxud 1497-ci ildə anadan olması irəli sürülür. Şeyx Şaban əfəndi ilk təhsilini Daşkörpüdə aldıqdan sonra Kastamonu və İstanbul Mədrəsəsində təhsilini davam etdirib. Xeyrəddin Tokadi Həzrətləri ilə tanış olan övliya 12 il Tokadinin xidmətində dayanıb. Onun qurduğu Şabaniyyə təlimi islam dünyasının bütün bölgəsinə yayılıb. Anadoludan başqa, Misir, Hicaz, Pakistan, Liviya və başqa ölkələrdə bu təriqətin davamçıları olub. Şeyx Şaban Vəlinin muzeyində xəlvəti təriqətinin Şabaniyyə qolunun qurucusunun xüsusi əşyaları nümayiş olunur. Otaqda şeyxin gündəlik geyimləri, o cümlədən bel və baş sarğıları, onun üçün yazılmış yazılar sərgilənir.
Daha sonra jurnalistlər Mahmut bəy məscidi, Kastamonu muzeyi, Cümhuriyyət meydanı, Ilqaz Dağı Milli Parkı, Kastamonu qalası ilə tanış oldular. Cümhuriyyət meydanı şəhərin qürur yeridir. Qurtuluş savaşı illərində insanlar öküz arabası ilə silah-sursat daşıyaraq müharibənin taleyində əhəmiyyətli rol oynayıblar. Elə ona görə də meydanda övladları ilə bir yerdə silah daşıyan Şərifə Bacının heykəli ucaldılıb.
Ilqaz Dağı Milli Parkı isə turistlər üçün əvəzedilməz məkandır. Park
1976-cı ildə qurulub. Şəhər mərkəzində qar olmasa da, Ilqaz Dağı Milli Parkında nağıllarda olan mənzərə insanı heyrətləndirirdi: qar tutan şam ağacları, uzanıb gedən ağappaq gözəllik...
Parkda xizək sürmək imkanı, kanat və istirahət üçün əlverişli şərait yaradılıb. Bura həm yay, həm də qış aylarında gözəl istirahət keçirmək üçün ideal məkandır.
Bələdçi uzaqdan ucalan Kastamonu qalasını göstərib deyir: bizim şəhərə gəlib, bu qalanı ziyarət etməmək bağışlanmaz günahdır. Hər bir şəhər sakini haqlı olaraq bu qala və qalanın köksündə göylərə ucalan al qırmızı bayraqla fəxr edir. Şəhərin ən mühüm tarixi irslərindən biri olan bu qala Kommenler sülaləsi zamanında hücumlara qarşı müdafiə rolunu oynayıb. 112 metr hündürlükdəki təpənin üzərində yerləşən qala cənubdan şimala 155 metr, şərqdən qərbə 30-50 metr enində, dördkünc formadadır. Qala içərisində müxtəlif tikililərin qalıqları var.
Və son...
Kastamonu Türkiyənin o qədər də məşhur olmayan şəhəridir. Amma məşhur olmamaq dəyərsiz olmaq demək deyil. Əksinə, Türkiyənin hər bir vətəndaşı belə şəhərə sahib olduğuna görə fəxr edə bilər. Mehriban insanlar, möhtəşəm tarixi abidələr, dadlı nemətlərlə tanış olmaq istəyənlər üçün Kastamonunun – bu istiqlal və övliyalar şəhərinin qapıları hər zaman açıqdır...




