Bakı. Türbət Bağırova-APA. “Rusiya və ABŞ Ukrayna böhranının tənzimlənməsinə nail olmalıdırlar”.
APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib. “Hazırda vacib məsələ Ukrayna probleminin həllidir. Biz bunun problem olaraq qalmasını istəmirik” - deyə, o, qeyd edib
.
Con Kerri bildirib ki, ABŞ Minsk razılaşmalarına əməl edilməsi üçün rəsmi Kiyevə təzyiqləri davam etdirəcək, lakin rəsmi Moskva tərəfindən də analoji addımlar atılmalıdır: "Mənim Avropa məsələləri üzrə köməkçim Kiyevdə dəfələrlə olub. O, Donbasdakı münaqişənin həlli üçün prezident Poroşenko, Ali Rada, vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələri ilə görüşlər keçirib. Onların öhdəlikləri var və bunu yerinə yetirməlidir” - deyə, dövlət katibi bildirib.
C. Kerri Ukraynanın bu sahədə irəliləyişlərə nail olduğunu da diqqətə çatdırıb: “Lakin biz hələ də ATƏT missiyasının regiondakı fəaliyyətini tamamən yerinə yetirməsinin şahidi olmamışıq. Girovların geri qaytarılmasını, ağır artilleriyanın geri çəkilməsinin şahidi olmamışıq”.