Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası rəsmi Moskvanın İngiltərənin Solsberi şəhərində baş vermiş insidentlə bağlı təklifini qəbul etməyib.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.
“Rusiyanın insidentin Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyası çərçivəsində baxılmasına dair təklifi qəbul edilməyib”, məlumatda deyilir.
KSQT-ə üzv olan 41 ölkədən 13-ü Rusiyanın təşəbbüsünü dəstəkləyib, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Suriya, İran, Venesuela, Pakistan, Nikaraqua, Belarus, Ermənistan və Kuba.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.