Şəki-Zaqatala iqtisadi rayonunda Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qaxda regional müşavirə keçirilir.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, aidiyyəti dövlət qurumlarının nümayəndələri, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermer və sahibkarlar iştirak edirlər.