Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli bölgəsindəki Mülki Məşğulluq Mərkəzində ABŞ-ın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə "Liberal" jurnalının təşkilatçılığı ilə gürcü dilinin öyrədilməsi problemləri müzakirə olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə qeyd olunub ki, etnik azlıqların yaşadığı regionlarda dövlət dilinin zəif tədrisi onların Gürcüstanın siyasi həyatında, iqtisadi və təhsil sahələrində fəal iştirakına, həmçinin cəmiyyətə inteqrasiyasına mane olur. Tədbirdə Mülki İnteqrasiya Fondunun direktoru Zaur Xəlilov, Qori Universitetinin Təhsil Şöbəsinin rəhbəri David Çoçişvili, "Gürcü dili-Gələcək uğur üçün" layihəsinin meneceri Tamar Kekelidze, Vətəndaş İnkişafı və Millətlərarası Əlaqələr cəmiyyətinin sədri Şalva Tabatadze, "Gürcü dili-ikinci dil kimi" layihəsinin meneceri Tinatin Kiquradze və nazirliyin ekspertləri çıxış edərək son illərdə və gələcəkdə Gürcüstan elm və təhsil nazirliyinin dəstəyi ilə gürcü dilinin azərbaycanlılar yaşayan bölgələrdəki Azərbaycan dilli məktəblərdə mükəmməl öyrədilməsi üçün müxtəlif layihə və proqramlar həyata keçirildiyi barədə ətraflı məlumatlar veriblər. Müzakirə zamanı tədbir iştirakçıları gürcü dilinin tədrisi və həyata keçirilən təhsil proqramlarının effektivliyi və çatışmazlıqları barədə fikir və rəylər də səsləndiriblər.
Gürcüstanın Elm və Təhsil Nazirliyinin nəzdində həyata keçirilən "Gürcü dili-Gələcək uğur üçün" layihəsinin meneceri və Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin əməkdaşı Tamar Kekelidze APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində milli azlıqlar üçün dövlət dilinin öyrədilməsi üçün müxtəlif proqramlar həyata keçirildiyini bildirib: "Nazirliyin təşəbbüsü ilə 2009-cu və 2011-ci illərdə dövlət dilinin öyrədilməsi ilə bağlı bir çox layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində hazırda 287 gürcü dili müəllimi etnik azlıqlar yaşayan bölgələrdə işləyirlər. Biz çalışırıq ki, gürcü dilinin öyrədilməsi keyfiyyətli şəkildə həyata keçirilsin. Bu sahədə irəliləyiş olduğu kimi, problemlər də çoxdur. Məqsədimiz odur ki, bu dilin tədrisini yerli müəllimlərin iştirakı ilə həyata keçirək, həmçinin bu istiqamətdə gürcü dili müəllimlərinə də Azərbaycan dilini öyrədək.
Düşünürəm ki, indiyədək həyata keçirdiyimiz layihələrin bəhrəsini görürük. Bunu hər il azərbaycanlı məzunların Gürcüstanın ali məktəblərinə artan sayı təsdiq edir", deyə T. Kekelidze vurğulayıb.