Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Donbas və Krım üzərində suverenliyi bərpa edəcəyini deyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti bunu separatçı “Donetsk Xalq Respublikası” (DNR) rəhbərinin Malorossiya dövlətinin elan olunması bəyanatına cavab olaraq bildirib.
“Novorossiya layihəsi birdəfəlik basdırılıb. Ukrayna Donbass və Krım üzərində suverenliyini bərpa edəcək”, - deyə Poroşenko bildirib.
Qeyd edək ki, “DNR” başçısı Aleksandr Zaxarçenko Ukraynanın cənub-sərgində Malorossiya dövlətinin yaradılması təşəbbüsü ilə çıxış edib. O bildirib ki, bununla əlaqədar 3 illik keçid dövrü olmalıdır. “DNR” baş nazirinin müavini Aleksandr Timofeyev isə bildirib ki, Malorossiyanın konstitusiyasında heç bir bloka daxil olmamaq statusu, Rusiya ilə əlaqələrin bərpası və Rusiya-Belarus İttifaq Dövlətinə daxil olmaq kursu əksini tapacaq.