Bakı. Türbət Bağırova - APA. “İran Gürcüstana həm daxili istehlak, həm də Avropaya tranzit məqsədilə qaz göndərə bilər”.
APA-nın “sputnik-georgia.ru” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İranın Gürcüstandakı səfiri Abbas Talebi-far “Rezonansi” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Gürcüstan bu məsələdə öz milli maraqlarından çıxış etməlidir. “Gürcüstanın alternativ enerji mənbələri axtarışında olması məntiqlidir. İran Gürcüstanla enerji sahəsində əməkdaşlıq etməyə və həm daxili istehlak, həm də Avropaya tranzit məqsədilə qaz göndərməyə hazırdır”, - deyə diplomat söyləyib.
Səfir əlavə edib ki, hazırkı mərhələdə tamamlayıcı texniki işlər görülür və İran qazının Gürcüstana nəql ediləcəyi marşrutlar nəzərdən keçirilir: "Bu variantlardan biri Azərbaycandır. Ermənistan da öz imkanlarını təklif edib. Bundan başqa, əlavə variant kimi, qazın svop prinsipi ilə nəqli məsələsi də nəzərdən keçirilir”.