Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə gürcü dilində "Məshəti folkloru"nun I cildi nəşr olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 23-də Gürcüstan Mədəniyyət Nazirliyində kitabın təqdimatı keçirilib.
Məshəti türklərinin folklorundan bəhs edən kitab 915 səhifədən ibarətdir. Kitabda şair və aşıqların bədii yaradıcılığından olan nümunələri folklorşünas alim Avtandil Beridze toplayaraq tərtib edib.
Kitabda qeyd olunub ki, Məshəti türklərinin bədii yaradıcılığını, folklor nümunələrini 80-ci illərdə araşdıran ilk alimlərdən biri əslən Borçalıdan olan, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, TDPU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, mərhum professor Valeh Hacıyev olub. Nəşrdə həmçinin bildirilib ki, Məhsəti türklərinin məskunlaşdığı Samsxe-Cavaxeti bölgəsində Azərbaycan dilində sazla ifa edilən mahnılar çox olub.