İstanbul. Mayis Əlizadə - APA. “Hadisəni ətraflı şəkildə təhlil etmək lazımdır. Bayırbucak bölgəsindəki 2 təpədə Suriyanın rəsmi dövlətinə qarşı vuruşan mücahid qüvvələri-çeçenlər və uyğurlar var. Rusiya havadan, Suriya ordusu isə qurudan irəlilədikcə oradakı cihadçılar təlaşa qapılırlar. Bu hadisədə ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir. Türkiyə də bu oyuna gələrək NATO-nun köməyinə müraciət edir. Rusiya təyyarəsinin vurulduğu bölgə ABŞ-İsrail koridorudur, bunu unutmamaq lazımdır".
Bu sözləri APA-nın Tükiyə müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasını APA-ya dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, digər tərəfdən, bölgədəki Lazkiyə-Dəməşq yolunun Suriya dövlətinin nəzarətindən çıxarılması istənilir, elə isə o coğrafiya da Suriya üçün həyati dərəcədə əhəmiyyətlidir: "Kaş Türkiyə başqalarının təhrikinə qapılaraq, o təyyarəni vurmayaydı, çünki Rusiyanın bunu unudacağını zənn etmirəm. Xatırlayın,2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya hücum edərkən Rusiya oraya müdaxilə etdi. Keçən il Ukraynada cərəyan edən proseslərdə radikal addım ataraq Krımı özünə birləşdirdi. Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafını istəməyən və Avrasiya bölgəsində Rus-Türk əməkdaşlığına qarşı çıxanlar Suriya ərazisində iki ölkəni qarşı-qarşıya gətirməyə çalışır. Xatırlayın, Çin raketlərinin Türkiyəyə verilməsini nəzərdə tutan tender G-20 Zirvə toplantısından 1 gün qabaq ləğv edildi. Rus təyyarəsinin vurulmasından 1 gün sonra - sabah ABŞ Baş qərargah rəisinin birinci müavini Türkiyəyə gəlir. Bunları təsadüfi saymaq mümkün deyil. Türkiyə ilə Rusiya soyuqqanlı hərəkət edərək dərhal mütəxəssislərdən ibarət müştərək komissiya qurmalı və təyyarənin vurulmasının səbəblərini dəqiq şəkildə araşdırmalıdır. Bu hadisənin Rusiya ilə Türkiyə arasında düşmənçilik yaradacağına və iki ölkənin bölgədə münaqişəyə girəcəyinə inanmıram”.