Afinanın şimal-qərbində, Viotia bölgəsində yerləşən Prodromosda baş verən meşə yanğınlarında bir nəfər ölüb.
APA "eKathimerini.com"a istinadən xəbər verir ki, polisin məlumatına görə, qurban kəndə təxliyə xəbəri alan kimi qoyunlarını xilas etməyə tələsən 80 yaşlı çoban olub.
Thiva meri Giorgos Anastasiou yerli mediaya bildirib ki yanğının əhatə etdiyi ərazi böyükdür və əsən güclü külək mübarizəyə mane olur. “Hazırda yanğın cəbhəsi yaşayış yerlərindən 1 km-dən az məsafədədir, lakin küləklər olduqca şiddətlidir. Bələdiyyə texnikasından əlavə 4 helikopter və yerüstü yanğınsöndürmə briqadası da əməliyyatlarda iştirak edir. Yanğınsöndürən təyyarələr belə güclü külək şəraitində işləyə bilmədiyi üçün tapşırıq olduqca çətindir”, - deyə mer qeyd edib.
Yunanıstanın şimal-şərqində də Alexandroupoli bölgəsindəki meşə yanğınları artıq üçüncü gündür ki, idarəolunmaz şəkildə davam edir. Yeddi xilasedici və bir könüllünün xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yunanıstanın şərq sahilində yerləşən Evia adasında da yeni yanğın ocağı aşkar edilib və onu söndürmək üçün əraziyə 40-dan çox yanğınsöndürən və xilasedici cəlb olunub.
Yanğınlarla əlaqədar bu həftə sonu Yunanıstanda onlarla yaşayış məntəqəsi boşaldılıb. Bu həftənin cümə gününə qədər hava şəraitinin çox isti və quraq keçəcəyi proqnozlaşdırılır.