Bank Of Baku

Piyadanı vuran sürücü ilə bağlı cinayət işinə xitam verilib

Piyadanı vuran sürücü ilə bağlı cinayət işinə xitam verilib
# 30 oktyabr 2026 10:22 (UTC +04:00)

Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub.

APA xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsindən bildirilib.

Məhkəmənin Cinayət kollegiyası yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edib.

İş materiallarına əsasən, 7 iyul 2025-ci il tarixdə Xocasən–Lökbatan avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Mercedes-Benz E240” markalı avtomobili idarə edən sürücü yolun sol hərəkət zolağı ilə 50–60 km/saat sürətlə hərəkət edərkən yolun sağ kənarından hərəkət hissəsinə daxil olan piyadanı vurub.

İttihama əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini azaltmaq və dayanmaq üçün zəruri tədbirlər görməyib. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb və onun sağlamlığına ağır zərər vurulub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmçinin zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunub.

Hökmdən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs cəzanın şərti tətbiqini, zərərçəkmiş şəxs isə cəzanın ağırlaşdırılmasını və mülki iddiasının tam təmin olunmasını istəyib.

Lakin işə apellyasiya instansiyasında baxılarkən tərəflər arasında barışıq əldə olunub. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirib.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və tərəflərin mövqelərini araşdıraraq müəyyən edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edib. Hökm çıxarılan zaman şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar mövcud olmayıb.

Bununla belə, apellyasiya baxışı zamanı tərəflər arasında barışığın əldə edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi yeni hüquqi vəziyyət yaradıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Kollegiyanın qənaətinə görə, birinci instansiyanın hökmündən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından hökm ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad olunub və cinayət işi üzrə icraata xitam verilib.

Eyni zamanda zərərçəkmiş şəxsin mülki iddiadan imtinası qəbul edilərək mülki iddia üzrə icraata da xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR