Azərbaycanda meşə zolaqlarında quduzluğa qarşı peyvəndləməyə başlanılır - VİDEO

Azərbaycanda meşə zolaqlarında quduzluğa qarşı peyvəndləməyə başlanılır - VİDEO
# 16 yanvar 2023 12:31 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpiləcək.

APA-Economics” Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Mövcud normaya əsasən, meşə zolağında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edəcəklər.

Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.

Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin may ayında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR