Şimali Koreya yaxın vaxtlarda növbəti nüvə sınaqları keçirə bilər

Şimali Koreya yaxın vaxtlarda növbəti nüvə sınaqları keçirə bilər
# 28 sentyabr 2022 12:34 (UTC +04:00)

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti təsdiq edir ki, Şimali Koreya 16 oktyabr – 7 noyabr tarixləri aralığında nüvə sınaqları keçirə bilər.

APA xəbər verir ki, bu barədə Yonhap agentliyi Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqində iştirak edən deputat Yun Qon Yona istinadən məlumat yayıb.

“Əgər Şimali Koreya 7-ci nüvə sınağı keçirməyə qərar versə, həmin sınaqların 16 oktyabr – 7 noyabr tarixlərində keçirilməsi ehtimalı var”, – deputat Milli Kəşfiyyat Xidmətinin gəldiyi qənaətə əsasən bildirib.

Həmçinin o da qeyd olunub ki, Pxunqeri nüvə poliqonunun 3-cü tunelindəki işlərin başa çatmasından sonra rəsmi Pxenyan tərəfindən nüvə sınaqlarının həyata keçirilməsi zərurəti yaranıb. Nüvə sınaqlarının keçirilməsinin mümkünlüyü barədə suallara cavab olaraq Kəşfiyyat Xidmətindən bildirilib ki, rəsmi Pxenyan sınaqların keçirilməsi barədə müsbət qərar verdiyi halda, bu sınaqların Çin Kommunist Partiyasının 16 oktyabr tarixindəki 20-ci konqresindən sonra və ABŞ-dakı seçkilərə qədər olan ərəfədə (7 noyabr) həyata keçirilməsi ehtimalı çox böyükdür.

Xatırladaq ki, ABŞ-da seçkilərin keçirilməsi 8 noyabr tarixinə təyin olunub. ABŞ və Cənubi Koreya hökumətləri artıq bir neçə aydır Şimali Koreyanın növbəti nüvə sınaqlarına hazırlığını təsdiqləyən məlumatlar yayır.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR