İşçi Qrupun rəhbəri: “Ağdamda müharibədən zərər çəkmiş 580 mülki ev və müəssisəyə baxış keçirilib”

İşçi Qrupun rəhbəri: “Ağdamda müharibədən zərər çəkmiş 580 mülki ev və müəssisəyə baxış keçirilib”
# 25 noyabr 2020 11:21 (UTC +04:00)

“Ağdamda indiyə qədər müharibədən zərər çəkmiş vətəndaşların 580 yaşayış evi və müəssisəsinə baxış keçirilib”.

Bunu APA-ya açıqlamasında Ağdam rayonu üzrə İşçi Qrupunun rəhbəri Tariyel Quliyev deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, onların içərisində ev heyvanları, arıları tələf olan vətəndaşlar da var və bunların hamısı bir-bir rəsmiləşdirilir: “İlkin verilən siyahıdan əlavə də bizə müraciətlər olur. Biz bu müraciətlər əsasında da zərər görmüş obyektlərə baxış keçiririk. Ona görə indi nə qədər baxış keçirilməli obyektin qaldığını demək çətindir. Müharibə dövründə edilən rəsmi müraciətlərlə bağlı rəqəmlər gündəlik dəyişir. Bizə ilkin siyahıda verilən rəqəm 700 idisə, bir o qədər də rəqəm arta-arta gedir. İlkin siyahıya əsasən, biz işlərin 70%-ni yekunlaşdırmış olmalı idik. Ancaq belə deyil. Evləri dağılmış digər rayonlara gedən şəxslər qayıdıb gəldikcə onlar da bizə müraciət edirlər”.

T. Quliyev nəzərə çatdırıb ki, qüvvələr dekabr ayının ilk ongünlüyündə bu işləri yekunlaşdırmaq üçün səfərbər edilib: “Biz istirahət günləri də işləyirik. Artıq Beyləqanda işlər yekunlaşdığı üçün ora ezam olunan İşçi Qrupu da bizə köməyə göndərib. Həmçinin Ağdamda İcra Hakimiyyətinin başçısı, işçiləri, rayon prokurorunun köməkçisi, yerli bələdiyyələrin hamısı bizə kömək edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR