Media nümayəndələri “ağıllı kənd” layihəsi icra olunan Üçüncü Ağalı kəndi və Bəsitçay qoruğunda olublar - VİDEO - FOTO

Media nümayəndələri “ağıllı kənd” layihəsi icra olunan Üçüncü Ağalı kəndi və Bəsitçay qoruğunda olublar - VİDEO - FOTO
# 18 fevral 2021 14:33 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan “ağıllı kənd” layihəsinin ilk olaraq reallaşdırılacağı Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə mediatur təşkil olunub.

APA-nın əməkdaşının verdiyi məlumata görə, media nümayəndələri ərazi ilə tanış olublar.

Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu, normal kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: Yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.

200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına təmin olunacaq.

Media nümayəndələri işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Üçüncü Ağalı kəndində də erməni barbarlığının nəticələri ilə qarşılaşıblar. Kənd ərazisində demək olar ki, dağıdılmamış ev qalmayıb. Böyük ağaclar kəsilib, evlərin damı, pəncərələri sökülüb. Rayon ərazisi boyunca belə mənzərələrlə hər addımda qarşılaşmaq mümkündür.

Daha sonra media nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkiblər. Zəngilanın məşhur Çinar meşəsi bu çayın sahilində yerləşir. Qoruğun da bərpa olunması nəzərdə tutulub.

Erməni vandalları Bəsitçay qoruğunda da çoxillik çinar ağaclarını kəsib, ərazidə ekoloji terror həyata keçiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edilib, yaşı təqribən 200-300 il olan ağacları kəsilib, kökü, oduncağı yandırılıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Qeyd edək ki, fevralın 14-də Zəngilana səfər edən Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Üçüncü Ağalı kəndində olublar. Dövlət başçısı səfər zamanı bildirib ki, Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək.

“Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”, - deyə dövlət başçısı qeyd edib.

Zəngilana səfər zamanı Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda da çinar ağacları əkib, Bəsitçaya balıq buraxıblar.

Prezident İlham Əliyev Bəsitçay təbiət qoruğunun bərpasına start verildiyini bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini bildirib.

Erməni işğalından azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması ilə yanaşı, orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR