ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron Azərbaycan hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkron Azərbaycan hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb
# 19 dekabr 2006 15:13 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron ölkədə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, qonağı hüquq müdafiəçilərinə təqdim edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi bildirib ki, bu, Barri Lovenkronun Azərbaycana ilk səfəridir. Daha sonra söz alan B.Lovenkron deyib ki, demokratiyanın inkişafının üç əsas məqamı var: “Birincisi seçki vasitəsilə əldə olunan hakimiyyət (buraya media da daxildir), ikincisi effektiv idarəetmə, üçüncüsü hakimiyyətə gələn qüvvənin dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsidir”. Bundan sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Görüşdən sonra hüquq müdafiəçisi Murad Sadəddinov müzakirə olunan məsələlərlə bağlı APA-ya bildirib ki, toplantıda QHT nümayəndələri Azərbaycandakı ictimai-siyasi proseslər haqda B. Lovenkrona məlumat veriblər. Hüquq müdafiəçiləri ölkədə mətbuata qarşı təzyiqlərin olduğunu və seçki zamanı qanun pozuntularının baş verdiyini deyiblər. Onlar ölkədə polis sistemində işgəncə hallarının olduğunu da söyləyiblər. M.Sadəddinovun sözlərinə görə, B.Lovenkron görüşdən razı qalıb və Azərbaycana yenə gələcəyini bildirib. M.Sadəddinov müzakirələrdən sonra B.Lovenkronun görüşlə bağlı fikir mübadiləsi aparmadığını da deyib: “Barri Lovenkron səfərlə bağlı yalnız ümumiləşdirilmiş məlumat hazırlayacağını söylədi”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR