Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi

Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi
# 07 oktyabr 2022 08:30 (UTC +04:00)

Yeni Azərbaycanın dövlətçilik irsi məhz Heydər Əliyev ideyaları üzərində bərqərar olub. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı, vətənpərvər olmağı, lazım gələn anda özünü fəda belə etməyi təşviq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana şanlı Zəfər qazandıran Ordumuz da məhz Azərbaycançılıq ideologiyasına əsaslanıb. Azərbaycançılıq ideologiyasına əsaslanan, xalqdan güc alan Ordumuz müstəqilliyimizin, suverenliyimizin qarantına, yeni Azərbaycanın dövlətçilik irsinin daşıyıcılarından birinə çevrilib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, tarixən böyük sərkərdələr, böyük dövlət xadimi olmaqla böyük sərkərdə kimi məşhurlaşmış simalar yetişdirmiş Azərbaycan xalqı bu mürəkkəb coğrafiyada var olmaq üçün Ordu quruculuğuna hər zaman xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, XX əsrin əvvəlində müstəqil dövlət quruculuğu prosesi ilə ordu quruculuğu prosesi də paralel gedib. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilib və Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusu, yəni ilk nizami ordu yaradıldıqdan sonra orduya çağırışlar başlayıb. Təəssüf ki, 1920-ci ilin aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu bütün bu sahədəki prosesləri dayandırıb.

Heydər Əliyevin dahiliyi

Azərbaycan ordusunun yenidən formalaşması, hərbi qulluqçuların hazırlanması prosesi bir daha 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub. Ulu Öndər ordu quruculuğuna yüksək diqqət ayırması nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adına hərbi lisey yaradılıb. Hərbi liseyin yaradılması və qorunub saxlanması Ümummilli Liderin yalnız gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində mümkün olub. Həmin müddət ərzində dəfələrlə SSRİ rəhbərliyinin bu hərbi məktəbin bağlanmasına, bu məqsədlə yoxlayıcı komissiyalar göndərməsinə baxmayaraq, məktəbin fəaliyyəti təmin edilmişdir. Əlavə olaraq da hərbi qulluqçularımız Bakı Ali Birləşmiş Komandanlıq və Ali Hərbi Dənizçilik məktəblərində təhsil almış, eləcə də hərbi təhsil almaq məqsədilə SSRİ-nin digər hərbi məktəblərinə göndərilib.

SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə yaranmış özbaşınalıq ordu quruculuğundan da yan keçməyib. Ordunun vahid mərkəzdən idarə edilməməsi, habelə nizami ordunun qurulmaması ölkəmizə ağır fəsadlar hesabına başa gəlib.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra bütün sahələr kimi, ordu quruculuğunun da əsası qoyulub. Bu sahədə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yenidən formalaşıb, Azərbaycançılıq ideologiyası əsasında şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinə və mənəvi-psixoloji hazırlığının artırılmasına böyük diqqət yetirilib.

Habelə, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması məqsədilə 1999-cu ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb, 2001-ci il Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi formalaşıb. Məhz bu dövrdə ordumuzun müasir yeniliklərə uyğun qurulması nəticəsində NATO ilə əməkdaşlığa başlanıb və bu əməkdaşlıq nəticəsində minlərlə hərbi qulluqçumuz xarici ölkələrdə həyata keçirilən proqramlarda iştirak edərək, geniş təcrübə və hərbi biliyə yiyələniblər.

Heydər Əliyev irsinin layiqli davamçısı

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilib, müasir silahlarla təchiz edilib. Məhz dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilib, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxıb.

Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi Qələbə bəxş edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər olub. Qazanılmış tarixi Qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur edib və düşmənin işğalına birdəfəlik son qoyulub. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın edib. Düşmən ordusu pərən-pərən düşdükdən sonra on minlərlə hərbçisi fərarilik edərək Ermənistan ordusundan qaçıb. Məhz bu müharibə dövlətimizin başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq. Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqımızı bundan sonra da yalnız böyük uğurlar, yeni-yeni zəfərlər gözləyir. Ötən gün Praqada Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən bəyanat da bunu bir daha təsdiq edir. Bəyanatda qeyd edilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirir ki, Praqada aparılan danışıqlar Brüssel prosesinin davamıdır və davam edən bu danışıqlar prosesi İrəvan üçün faktiki son xilas imkanıdır. Onun sözlərinə görə, Praqada əldə olunan ilkin nəticələr, xüsusən Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması fonunda bu dəfə real sülhə daha yaxın olduğumuzu göstərir. Bu mənada Praqa görüşü Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin növbəti qələbəsi hesab edilməlidir.

Beləliklə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq ideologiyasına, yeni Azərbaycanın dövlətçilik irsinə əsaslanan bu Zəfər yolunu davam etdirir.

Qeyd: Yazı Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR