İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB

İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB
# 29 aprel 2022 18:06 (UTC +04:00)

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı müzakirə ediləcək.

İllik məlumat barədə danışan Zahid Oruc bildirib ki, Azərbaycanda vətəndaşların sabit və təhlükəsiz şəraitdə yaşaması üçün möhkəm hüquqi və ictimai-siyasi baza yaradılıb, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib.

Komitə sədri vurğulayıb ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yarandığı 17 ildən artıq müddətdə hər il mütəmadi olaraq illik məlumatlarını təqdim etməsi ölkəmizin hüquq-mühafizə siyasətində mütərəqqi ənənəyə çevrilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında 2021-ci ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirib ki, 8 bölmədən ibarət hesabatda bu sahədə vəziyyətlə bağlı ətraflı və sistemli mənzərə təqdim edilib.

Məlumatda yer alan insan alveri cinayətlərinin dinamikasının statistik göstəricilərinə diqqət çəkən Zahid Oruc cinayətlərin sayının artmasına təsir edən qlobal tendensiyalardan danışıb.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin insan alverinə qarşı mübarizəyə verdiyi töhfələrdən söz açan Zahid Oruc itkin düşmüş 4000-ə qədər vətəndaşımızın taleyi barədə müxtəlif platformalarda daha sistemli şəkildə məsələ qaldırmaq imkanlarının yarandığını bildirib.

Komitə sədri insan alveri kimi mürəkkəb cinayətlə mübarizədə dövlət, hakimiyyət institutları, vətəndaş cəmiyyəti, bir sözlə bütövlükdə xalqın birgə dəstəyinin önəmini vurğulayıb, məcburi əmək və uşaq əməyi istismarı, qurbanların müdafiəsi, cəmiyyətə reinteqrasiyası və digər vacib istiqamətlərdə yeni yanaşmaların tətbiqi, aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə sistemli işin qurulması ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, bu sahədə internet resursların imkanlarından faydalanmaq, sosial şəbəkələrdə aktivliyi inkişaf etdirmək vacibdir.

Sonra DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib.

Baş idarə rəisi çıxışında insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

Bildirilib ki, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanları və vətəndaş cəmiyyəti nümayəndələri peşə hazırlığının artırılması üçün ixtisasartırma kurslarına, təlim və treninqlərə cəlb edilib.

İnsan alverinə dair mövzular xüsusi təyinatlı təhsil müəssisələrində də tədris edilib, bu növ cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunub, hesabat dövründə xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində saxlanıb.

Bildirilib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə reydlər hesabat ilində də davam etdirilmiş, ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkar edilib, müvafiq olaraq 95 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Hesabat ilində insan alveri sinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 156 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb.

General-mayor Həzi Aslanov axtarışda olan 26 təqsirləndirilən şəxsdən 12 nəfərinin tutulduğunu qeyd edərək, xarici dövlətlərdə gizlənən cinayətkarların ekstradisiyasının çətinlikləri barədə danışıb. Bildirib ki, hesabat ilində 95 nəfər insan alveri qurbanı (94 qadın, 1 kişi) müəyyən edilib.

Sənədin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, deputatlar Elşad Mirbəşiroğlu, Elşən Musayev, Elman Nəsirov, Vüqar İskəndərov, Nizami Səfərov, Naqif Həmzəyev, Tural Gəncəliyev, Nurlan Həsənov, QHT nümayəndələri Mehriban Zeynalova, Mahirə Əmirhüseynova, Kəmalə Ağazadə, Gülayə Səfərova çıxış edərək İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını müsbət qiymətləndiriblər.

Müzakirələrə yekun vuran Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitələrin birgə iclasının səmərəli və işgüzar şəraitdə, geniş formatda keçirilməsini cəmiyyətin və dövlətin insan alveri ilə mübarizəyə verdiyi önəmin və bu sahədə ciddi siyasi iradənin mövcudluğu ilə bağlı olduğunu bildirib. İnsan alveri ilə mübarizədə Azərbaycanın keçdiyi yoldan və əldə etdiyi müsbət nəticələrdən söz açan birinci vitse-spiker insan alverinə qarşı mübarizənin hüquqi bazasının möhkəmləndirildiyini vurğulayıb, bu sahədə vətəndaş cəmiyyəti institutlarının fədakar əməyini qeyd edib və maarifləndirmənin əhəmiyyətinə toxunub, qaldırılan məsələlərə münasibətini açıqlayıb. O, insan alveri və istismarı cinayətlərinin artmasına müasir dünyada baş verən proseslərin təsirindən söz açaraq bu sahədə xarici faktorların rolunun minimuma endirilməsinin bir çağırış kimi qarşıya çıxdığını bildirib.

İclasın sonunda deputatlar İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

***

saat 12.59

Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

APA xəbər verir ki, iclasda Daxili İşlər Nazirliyinin nümayəndələri, komitələrin deputatları iştirak edib.

İclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı müzakirə olunub.

Məlumatı Milli Məclisin plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqdim edib.

Müzakirələrdən sonra illik məlumat Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR