Deputat Azərbaycanda rus və ingilis dilində TV yaradılmasını təklif edir

Deputat Azərbaycanda rus və ingilis dilində TV yaradılmasını təklif edir
  • Clock-gray 15:48
  • calendar-gray 16 Mart 2021

“500 dövlət müəssisəsi hökumətə tələb olunan hesabatı verməyib. Hərraclarla bağlı da irəliləyiş yoxdur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ümumilikdə özəlləşdirilən əmlakın dəyəri 61,5 milyon manat olub: “Özəlləşdirmə sürətlə həyata keçirilməlidir. Bu qədər dövlət şirkətini saxlamağın heç bir əhəmiyyəti yoxdur. İqtisadiyyatımızı yenidən qurmaq üçün xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac var. Bunu hökumət üzvləri etməlidir. Burada utanılası, çəkinəsi heç nə yoxdur. Prezident İlham Əliyevin də tapşırıqları var. Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün müraciətlər olunub. Bakı kəndlərin ətrafındakı torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Amma əhalinin sayı artır. Bu gün torpaqların təyinatının dəyişdirilməsində hökumət neqativ mövqe sərgiləyir. Hökumət bu siyasətinə yenidən baxmalıdır. Dünyanın hər yerində əhalinin sosial müdafiəsinə cavabdeh olan qurum çalışır ki, bu istiqamətə daha çox pul ayrılsın. Amma bizdə bu qurum fəxarətlə daha az pul xərclənməsindən bəhs edir. İnsanların normal ünvanlı sosial yardım ala bilməsi üçün qərarlar dəyişdirilməli, yaxud hökumət çox çevik olmalıdır”.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkə prezidenti onlarla dünya televiziyasına müsahibələr verib, informasiya savaşı aparıb: “Bizə ən azı MDB məkanında yayımlanacaq rus dilində televiziya lazımdır. Biz bu regionda yaşayırıq. İkincisi, bütün dünyada ingilis dilində yayımlanacaq televiziyaya ehtiyac var. Digər bir problemə də toxunum. Bizdə nəqliyyat daşımaçılığı ilə həm dövlət, həm də özəl şirkətlər məşğul olur, amma sərnişindaşımada qiymətlər demək olar ki, eynidir. Dövlət əmlakının idarəetməyə verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu qanun layihəsini səbirsizliklə gözləyirəm. Eyni zamanda Rəqabət Məcəlləsinin də ən qısa zamanda qəbuluna ehtyac var”.

Firuzə Vahid

Digər xəbərlər