Millət vəkili: “Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü dövlət başçımıza olan inam və etimadın göstəricisidir”

Millət vəkili: “Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü dövlət başçımıza olan inam və etimadın göstəricisidir”
  • Clock-gray 22:15
  • calendar-gray 04 May 2020

“Bu gün Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir”. 

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, Azərbaycan keçən il 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə  2022-ci ilə qədər qurumun sədri seçilib: “Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Bu gün isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etdiyi bir dövrdə Qoşulmama Hərəkatı və Avropa İttifaqını koronavirus təhlükəsi ilə əlaqədar bir araya gətirməyə nail olub, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciət ünvanlayıb”. 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tədbirin açılışında geniş nitq söyləyib, Azərbaycanda koronovirusla mübarizə istiqamətində görülən işlərdən söz açıb: “Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub, Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Zirvə görüşündə də bu məqam xüsusi qeyd edilib  ”. 

C. Osmanov nəzərə çatdırıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək: “Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev bütün ölkələri dostluğa, həmrəyliyə və qarşılıqlı dəstəyə dəvət etdi. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Koronavirusa qarşı ölkəmiz tək milli deyil, regional və qlobal  miqyasda mübarizəyə qoşulub. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. Çox əlamətdar bir hadisədir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi məhz koronavirus pandemiyası dövründə belə bir Zirvə görüşü təşkil etdi və bundan tək Azərbaycan deyil, bütün dövlətlər bəhrələnməyə nail olacaq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date