Prezident İlham Əliyev və birinci xanım Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər

Prezident İlham Əliyev və birinci xanım Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər
  • Clock-gray 12:20
  • calendar-gray 17 Mart 2021

Martın 16-da Şuşaya səfər edən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva orada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər.

APA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verib. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.

Prezident İlham Əliyev deyib: “Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.

apa-logo-mini

Digər xəbərlər