Prezident: “Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”

Prezident: “Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”
# 05 mart 2021 17:25 (UTC +04:00)

“İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir”.

APA xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

Prezident bildirib ki, bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə haradasa 200, ya 300 milyon, 300 milyon artım olub: ”Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, kölgədən biznes çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə biz böyük bərpa işlərini başlamışıq Qarabağda. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur”.

Dövlət başçısı qeyd edib ki, özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi - bu təlimat da verilib: “Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”, - deyə Prezident İlham Əliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR