Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa münasibətlərinə həsr olunan konfrans keçirilib

Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa münasibətlərinə həsr olunan konfrans keçirilib
# 08 may 2018 14:29 (UTC +04:00)

Varşavada Avropa Azərbaycanlıları Konqresi (AAK) və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə: Azərbaycan və Polşa xalqları arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, AAK-ın vitse-prezidentləri, Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri Finlandiya-Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Muradlı, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva, Macarıstan Azərbaycan Cəmiyyətinin sədri Ramiz Əmirli, Polşanın regionlarından olan təşkilat rəhbərləri, tələbələr iştirak ediblər.

S. Qasımov çıxış edərək son 25 ildə Azərbaycan diasporunun fəallığından, xüsusilə AAK-ın son bir ildə həyata keçirdiyi layihələrdən danışaraq Avropanın bəzi ölkələrində, o cümlədən Polşada diasporun təşkilati zəifliyindən danışıb. S. Qasımov bu ölkələrdə güclü təşkilatlanma üçün xüsusilə gənclərin potensialının olduğunu xatırladaraq AAK-ın bu prosesə start verdiyini bildirib. Buna misal olaraq Polşada Nail Əhmədin başçılığı ilə gənclərin təşkilatlanmağa başladığını qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad İsmayılzadə qurumun sədri Fuad Muradovun konfrans iştirakçılarına təbrik müraciətini oxuyub, məktubda AAK-ın fəaliyyəti yüksək qiymətləndirilib.

PAGŞ sədri N. Əhməd çıxışında 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Polşa fəallarının iştirakını, o cümlədən bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra ölkəyə mühacirət edən azərbaycanlı tarixi şəxsiyyətlərdən bəhs edib: “Bu o deməkdir ki, polşalılar fəal azərbaycanlıları hələ 100 il əvvəldən tanıyırlar”.

Səfir H.Həsənov isə Polşada görülən işlərdən danışaraq qeyd edib ki, son illər Azərbaycan və azərbaycanlılarla bağlı 21 abidə ucaldılıb. O qeyd edib ki, bunlardan biri məhz AXC-yə aid abidədir. Daha sonra səfir Polşada gənclərin fəallığından və səfirliyin dəstək verdiyi layihələrdən bəhs edib.

BUAK sədri R. Tağıyev isə şərqi Avropaya 100 il əvvəl mühacirət edən azərbaycanlıların burada diasporun formalaşmasına verdikləri töhfələrdən danışıb. O bildirib ki, son günlər Azərbaycandan olan bəzi şəxslər xaricdəki diasporumuzla bağlı neqativ fikirlər yaymağa cəhd edirlər: “Bu isə xaricdəki azərbaycanlıların narahatlığına səbəb olur. Son 20 ildə Azərbaycan diasporu inkişaf yolu keçib və buna kölgə salmaq yalnız düşmənlərin maraqlarına işləyər”.

Arzu Muradlı həmkarının fikirlərinə dəstək olaraq Azərbaycan diasporuna qarşı aşağılayıcı fikirlərə görə etirazını bildirib.

Konfrans müzakirələr ilə davam edib.

Sonda AAK Avropa azərbaycanlılarının milli birliyi və AXC-nin 100 illiyi ilə bağlı bəyanat qəbul edilib. Macarıstandan və Fransadan daha iki təşkilat AAK-a üzv qəbul edilib. Bununla üzv təşkilatların sayı 136-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR