Hidayət Orucov: “Ayrı-ayrı qruplar demokratik mühitdən sui-istifadə edərək, Azərbaycanda dinlərarası və təriqətlərarası münasibətləri qızışdırmağa çalışır”

Hidayət Orucov: “Ayrı-ayrı qruplar demokratik mühitdən sui-istifadə edərək, Azərbaycanda dinlərarası və təriqətlərarası münasibətləri qızışdırmağa çalışır”
# 08 may 2007 09:04 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, gəlişinin əsas məqsədinin Qusardakı dini durumla bağlı olduğunu açıqlayan komitə sədri Azərbaycanda dini durumun sabitliyini və bu sabitliyin daha da möhkəmlənməsinin vacibliyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Qusardakı istər İslam, istərsə də qeyri-İslam dinlərini təmsil edən missionerlərin mövcudluğundan danışan H. Orucov ictimaiyyətin onları qəbul etmədiyini xüsusilə vurğulayıb. “Qusarlılar həmişə yad təsirlərdən uzaq olmağa çalışıblar” deyən dövlət komitəsinin sədri Azərbaycan dövlətinin təriqətdən üstün siyasət apardığını qeyd edib: “Bütün dinlər dövlət qarşısında eynidir, dövlət bunlardan heç birinə üstünlük vermir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, dinlər arasında fərq qoyulmur. Bu, demokratiyanın göstəricisidir”. H. Orucov deyib ki, ayrı-ayrı qruplar demokratik mühitdən sui-istifadə edərək, dinlərarası və təriqətlərarası münasibətləri qızışdırmağa, etiqad etdikləri dini başqa dinlərə qarşı qoymağa çalışır: “Belə radikal qruplar Azərbaycanda, o cümlədən də Qusarda mövcuddur. Onlar iradəsi və əqidəsi zəif ,iqtisadi çətinliklərlə üzləşən adamları maddi və digər maraqlarla sıralarına cəlb edirlər. Qusarda isə tarixən möhkəm ənənələr var. Odur ki, radikal qrupların perspektivi yoxdur. Onlar kiçik qruplar olsa da, cəmiyyəti və insanları narahat edirlər”. H. Orucovun sözlərinə görə, Azərbaycanda din dövlətdən ona görə ayrıdır ki, sərbəst inkişaf etsin, müstəqil fəaliyyət göstərsin və siyasiləşməsin. Sivilizasiyalı dünyanın qəbul etdiyi modelin bundan ibarət olduğunu önə çəkən komitə sədri bəzi dövlətlərin öz modellərini qəbul etdirmək cəhdlərinə də toxunub: “Azərbaycanın öz modeli, tarixi yolu var. Dünyəvilik Azərbaycana idxal olunmayıb. Bu, Azərbaycanda yaşayan bütün xalqların təfəkkürlərinin məhsuludur. Azərbaycandakı dinlərarası və təriqətlərarası dözümlülük bütün dünya tərəfindən yüksək qiymətləndirilir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR