Dövlət Komitəsinin sədri: Azərbaycan İslam birliyini təbliğ edir

Mübariz Qurbanlı

© APA | Mübariz Qurbanlı

# 15 dekabr 2022 11:53 (UTC +04:00)

“Azərbaycan dünyəvi dövlətdir və bütün dinlərə öz tolerantlığını hər zaman nümayiş etdirib”.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan konstitusiyasında ölkənin hansı dinə mənsub olması təsbit olunmayıb: “Azərbaycanın seçdiyi dünyəvilik xəttində dinin siyasətdən ayrı tutulması ideyası əsas götürülüb. Dinin siyasiləşməsi çox böyük fəlakətlərə yol aça bilər və bunun bir çox nümunəsini tarixə baxdığımız zaman görə bilərik. Azərbaycan daim bunların əleyhinə olub və həmçinin bütün dinlərdən olan insanların öz ibadətlərini yerinə yetirməsi üçün hər cür şərait yaradıb. Azərbaycanda məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da fəaliyyət göstərir”.

Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən icmalar hər il dövlətdən maliyyə yardımı alır.

“Bu da Azərbaycanın multikultural dəyərlərə nə qədər hörmət etdiyinin bariz nümunəsidir. Azərbaycan müsəlman dünyasının bir parçasıdır və planetin 19 faizi müsəlman dünyasına mənsubdur. Ölkədə İslamda vəhdət və birliyin yaradılması üçün kifayət qədər işlər görülür. Bu işdə isə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi rolu var. Xarici mətbuatda bəzi fikirlərə rast gəlinir ki, Azərbaycan şiə dövlətidir. Lakin bu tamamilə yanlış yanaşmadır. Çünki Azərbaycan dinlərin harmoniyasını və İslamın birliyini təbliğ edən dövlətdir” - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR