Kasım-Jomart Tokayev QMİ sədrini qəbul edib

Allahşükür Paşazadə,  Kasım Jomart Tokayev

© APA | Allahşükür Paşazadə, Kasım Jomart Tokayev

# 13 sentyabr 2022 14:49 (UTC +04:00)

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.

QMİ mətbuat xidmətindən APA-ya verilən xəbər görə, Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə yetirən Şeyxülislam Allahşükür Paşazadə qardaş dövlətlərimizin müdrik liderlərinin əsl qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük perspektivlər açmasından fəxarət duyduğunu bildirib.

Qazaxıstan Prezidenti K.J.Tokayev, öz növbəsində, salam-dualarını yüksək məqamlarına çatdırmağı rica etdi, Azərbaycana səfərini olduqca yüksək qiymətləndirdiyini və Azərbaycan Prezidentinin və birinci xanımın qardaş Qazaxıstana tezliklə təşrif buyuracaqlarına əminliyini ifadə etdi.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Qazaxıstana səfərini və Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirakını yüksək dəyərləndirən Qazaxıstan Prezidenti K.J. Tokayev Şeyxülislamın fəaliyyətini uzun illər ərzində izlədiyini bildirib, onun dünyada dinlərarası dialoq və əməkdaşlıq prosesində yerini və rolunu xüsusi qeyd edib. QMİ sədri A. Paşazadənin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərini bir araya gətirən təşkilatın ərsəyə gəlməsindəki rolunu olduqca önəmli sayan Qazaxıstan Prezidenti K. J. Tokayev bu quruma, onun işinə öz dəstəyini ifadə edib.

Şeyxülislam A. Paşazadə TDT Müsəlman Dini Liderlərinin İstanbul və Türküstan toplantılarının ardınca gələn ay Bakıda və Şuşada baş tutacaq görüşləri, imzalanacaq Birgə Bəyannamə barədə Qazaxıstanın dövlət başçısına ətraflı məlumat verib. QMİ sədri bildirib ki, TDT Müsəlman Dini Liderlərinin Şurasının təsis olunması türk dünyasının mənəvi birliyinin təşkilati bəyanıdır və Türk Dövlətləri Təşkilatının bütün qərarlarının, özəlliklə, mənəvi sahəyə dair qərar və tövsiyələrinin həyata keçməsində dini liderlərin fəal rol oynamasını, yaxından iştirakını təmin edəcək.

QMİ sədri Şeyxülislam A. Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Şurasının qarşısında duran vəzifələr barədə, nəzərdə tutulan işlər, müəyyən edilmiş prioritetlər barədə, o cümlədən, birgə təhsil müəssisələrinin yaradılması, ortaq mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi planları ilə bağlı Qazaxıstan Prezidentini ətraflı məlumatlandırıb.

Şeyxülislam A. Paşazadə qazax dövlətçiliyinin görkəmli nümayəndəsi olaraq Kasım Jomart Tokayevi uzun illər ərzində tanıdığını, qardaş Qazaxıstanda müxtəlif dövlət vəzifələrində dəyərli fəaliyyətini hər zaman müşahidə etdiyini, Senat sədri olduğu dövrlərdən Dünya və ənənəvi dini liderlərin Qurultayının təşəbbüskarından olduğunu fəxrlə qeyd edib. Şeyxülislam A. Paşazadə bu ilin yanvar hadisələrinin bütün iştirakçılarına amnistiya elan olunmasını ali mərhəmət aktı kimi Prezident K.J.Tokayevin müdrik dövlətçilik siyasətinin bariz nümunəsi olaraq dəyərləndirib, bunun Qazaxıstan cəmiyyəti daxilində barış və həmrəyliyin daha da möhkəmlənməsinə, qazax xalqının yeni uğurlarına vəsilə olacağına əmin olduğunu bildirdi, öz xeyir-dualarını ifadə edib.

Görüş zamanı Şeyxülislam A. Paşazadə son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən ardıcıl təxribat hadisələrinə toxunub. Qazaxıstanın dövlət başçısı bu hadisələrdən narahat olduqlarını bildirib. Vurğulanıb ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunandan sonra bölgədə sülh, anlaşma və iqtisadi inkişaf yönündə səyləri dəstəkləmək əvəzinə revanşizm, separatçılıq və təhlükəsizliyin təhdidi istiqamətində təxribat və silahlı toqquşmalar yolverilməzdir. Qazaxıstanın mövqeyinin Qafqazda sülhün tam bərqərarı istiqamətində olduğu ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR