Şeyxülislam: “Koçaryan, Sarqsyan və digərləri beynəlxalq məhkəmədə cavab verməlidir”

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 22 fevral 2022 14:34 (UTC +04:00)

“Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqın, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub”.

APA xəbər verir ki, bunu Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülilsam Allahşükür Paşazadə bildirib.

O deyib ki, XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı bu siyasətin davamı və kulminasiyasıdır: “Öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz. Soyqırımı baş verən tarixdən etibarən Xocalı faciəsinin dəhşətli həqiqətlərini o zamandan bu günə kimi iştirakçısı olduğum bütün beynəlxalq forumların tribunalarından yaymaqdayıq. Bu soyqırımının tanıdılması, erməni faşizmi və vandalizminin ifşa olunması üçün Qafqaz Müsəlmanları İdarəsi olaraq dünya ictimaiyyətinə müraciət edən ilk qurumlardan biri olmuşuq”.

QMİ sədri qeyd edib ki, 30 il ərzində hər il Azərbaycandakı dini konfessiyalarla bərabər dünya ictimaiyyətinə etdikləri müraciətlərdə tarixi həqiqətlər, Xocalı dəhşətləri öz əksini tapır: “Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımı aktlarını pisləyir. Azərbaycan xalqı bu konvensiyaları rəhbər tutaraq Ermənistan Respublikasına qarşı Beynəlxalq Haaqa məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu bəşəri cinayəti törədənlər öz layiqli cəzalarını almalıdırlar. Robert Koçaryan, Serj Sarqsyan, eləcə də Seyran Ohanyan və digər Xocalı qatilləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Şeyxülislam əlavə edib ki, Azərbaycan dövlətçilik tarixinə Zəfər salnaməsi yazmış müzəffər Ali Baş Komandan — Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək qüdrəti nümayiş etdirib: “Azərbaycanda xalq-dövlət, ordu-xalq birliyinə istinadən tarixi qələbə qazanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Aprel döyüşlərində, Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qalmamasını təmin etdi.

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşı və eyni zamanda, ruhunun dirçəliş məqamıdır. Öz faciələrinin ağrı-acısından yenidən toparlanaraq ucalan Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir, məscidlərimiz, habelə kilsə və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər salınır. Hamımız şahidik ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli sənaye obyektlərinin təməlinin qoyulması ilə yanaşı azad olunmuş ərazilərimizdə vandalizmə məruz qalmış məscidlərimiz ziyarət edilir, dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihələr gerçəkləşdirilir.

Şükürlər olsun, multikultural Azərbaycan dövlətinin tolerant dəyərləri artıq azad Qarabağda hökm sürməyə başlayıb. Milli-mənəvi dəyərlərimiz bizim qürur və güc mənbəyimizdir. Gənclər Forumunda Azərbaycan Prezidentinin bəyan etdiyi kimi: «milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.

QMİ sədri deyib ki, Azərbaycan dövləti və xalqı qalibdir, müzəffər dövlət rəhbərinin liderliyi ilə bölgənin taleyini dəyişdirir, yeni tarixini yazır, siyasi qələbəsini iqtisadi, mənəvi müstəvilərdə davam etdirir: “Bu tarixi qələbənin əldə olunmasında bizim yanımızda olmuş, dəstəyini nümayiş etdirmiş dövlətlərə, xüsusilə qardaş Türkiyə dövlətinə dərin minnətdarlığımızı bildiririk. Şuşa Bəyannaməsinin təsdiqi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını daha da möhkəmlətdi, birliyimizi dünyaya bəyan etdi. Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur. Uca Allahdan bütün şəhidlərimizə, Vətən torpağı yolunda canını fəda etmiş bütün qəhrəman Vətən övladlarına, xüsusilə Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyir, əziz xatirələrini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR