Azərbaycan cüdoçuları “Böyük dəbilqə”yə uğursuz başlayıblar

Azərbaycan cüdoçuları “Böyük dəbilqə”yə uğursuz başlayıblar
# 08 fevral 2020 19:24 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk yarış günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Mübarizəyə qoşulan 10 idmançımız çıxışını medalsız bitirib. 60 kq çəkidə gücünü yoxlayan Əhməd Yusifov startda Mohamed Rehabiyə (Əlcəzair) qalib gəlsə də, ardınca Unibold Lxaqvayamtsa (Monqolustan) uduzub. Onunla eyni çəkidə yarışan Kəramət Hüseynov da ikinci qarşılaşmasında turnirlə vidalaşıb. Təmsilçimiz Salih Yıldızdan (Türkiyə) üstün olsa da, Vinsent Limare (Fransa) ilə bacarmayıb.

Komandamızın liderlərindən olan Nicat Şıxəlizadə (66 kq) də “Böyük dəbilqə”dən medalsız ayrılıb. O, ilk görüşündə Artur Teyə (Qırğızıstan) qalib gəlib. Lakin ikinci qarşılaşmasında Denis Vyeruya (Moldova) uduzub. Bu çəkidə digər cüdoçumuz İbrahim Əliyev komanda yoldaşlarından fərqli, 1/8 finaladək irəliləyib. Lakin o, üçüncü görüşündə ispaniyalı Alberto Qaiteriya məğlub olub.

73 kq Telman Vəliyev də mübarizəyə qələbə ilə başlayıb. O, Keysey Nakano (Filippin) və Benjamin Aksusdan (Fransa) üstün olub. Lakin növbəti qarşılaşmada Hikmətullah Turayevlə (Özbəkistan) üz-üzə gələn cüdoçu məğlubiyyətə üzülüb.

İlk mərhələdən azad olan Leyla Əliyeva Alesya Kuznetsoya (Rusiya), Aişə Qurbanlı (hər ikisi 48 kq) Melodi Vauqarniyə (Fransa) uduzub.

Gültac Məmmədəliyevanın (52 kq) da debütü uğursuz alınıb. O, Sara Menesesə (Braziliya) məğlub olub. 57 kq çəkidə qüvvəsini sınayan İçinxorlu Munxtsedev də braziliyalı ilə bacarmayıb. Milliləşdirilmiş legioner Cessika Pereyraya uduzub. Onunla eyni çəkidə yarışan digər legionerimiz Florian-Aleksandra Larisa isə Fuonq Nquyenə (Vyetnam) qalib gəlsə də, Nora Qyakovaya (Kosovo) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi sabah başa çatacaq turnirə 17 cüdoçu ilə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR