Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”
# 16 noyabr 2022 23:15 (UTC +04:00)

“Bugünkü oyundan çox razı qaldım”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri Kişinyovdakı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Çox yaxşı işlər gördük. Daha yaxşısını bacararıq. 90 dəqiqə mübarizəni dayandırmadıq. Buraxdığımız qola görə narahat oldum. Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi”.

Çalışdırıcı noyabrın 20-də Şimali Makedoniya ilə səfərdə keçiriləcək matçla bağlı da düşüncələrini bölüşüb: “Şimali Makedoniyanı yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən onlara rəqib olmuşam. Bu matçda da uğurlu nəticə üçün çalışacağıq”.

De Byazi müdafiənin mərkəzində şans verdiyi Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk cütlüyündən razılıq bildirib: “Buraxdığımız qolda daha yaxşı davranmaq olardı. Bu gün yeni müdafiə xətti ilə çıxış etdik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukdan razı qaldım. Bəzi itkilərimiz var. Bədavi Hüseynovun yoxluğu istər-istəməz təsir edir. Ümid edirəm ki, o, martdakı görüşə hazır olacaq”.

Qeyd edək ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”da keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR