Şamaxı şəhər stadionunun sökülməsinin səbəbi açıqlanıb

Şamaxı şəhər stadionunun sökülməsinin səbəbi açıqlanıb
# 21 aprel 2022 15:13 (UTC +04:00)

“Biz işə başlayanda arena bərbad vəziyyətdə idi. Ona görə stadion tam söküldü”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibinin müavini Kamran Vəliyev deyib.

Şamaxıya ezam olunmuş jurnalistlərə açıqlama verən qurum rəsmisi burada tikilən stadionun yenidənqurma işlərindən danışıb: “Burda Şamaxı şəhər stadionu olub. 2020-ci ildə işə başladıq. 2021-ci ildə cənab Prezidentin iştirakı ilə açılışı oldu. Arena 2200 tamaşaçı tutumuna malikdir. “Şamaxi” futbol klubu oyunlarını burada keçirir. Ot örtüyü sünidir. Amma artıq FİFA-nın ən yüksək sertifikatını alıb. Bir az detallara girsək, ipliyin hündürlüyü 40 mm olurdu. Hazırda yeni nəsil ot örtükləri var ki, hündürlüyü 55-60 mm olur. Bu stadiondakı örtük həmin yeni nəsil örtüklərdəndir. Düzdür, bir az zaman lazımdır ki, oynadıqca, tam otursun. Burda cəmi bir oyun olub, amma FİFA-nın sertifikatını alıb. UEFA-nın ikinci kateqoriyasına malikdir. Bu da bəzi beynəlxalq oyunlar keçirməyə imkan verir”.

Baş katibin müavini stadionun neçəyə başa gəlməsi ilə bağlı sualı belə cavablandırıb: “Bununla bağlı məncə saytda məlumat verilib. Əgər verilməyibsə, bunu maliyyə-mühasibatlıqdan almaq olar. Tribunaların artırılması hazırda nəzərdə tutulmayıb. Amma qapıların arxasında yer var. Orda tribuna qurmaq mümkündür. Bu uzunmüddətli gələcək üçündür. Bu arenada avrokubokların təsnifat mərhələsinin matçları, səhv etmirəmsə ilk iki raundun oyunları keçirilə bilər. Sonrakı mərhələ üçün 3-cü kateqoriya zəruridir. U-21, qızlar və aşağı yaş qrupları üzrə yığmalar da burada oynaya bilər. Əsas milli üçün 4-cü, istisna hallarda 3-cü kateqoriya lazımdır. Burada isə 2-ci kateqoriyadır”.

O bildirib ki, süni örtüyü təbiiyə dəyişmək üçün əlavə bir təbii örtüklü meydança da olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR