Problemli doğum, çörəyə həsrət körpə və ailəsinin xilaskarı – “Ulduzlar”

Problemli doğum, çörəyə həsrət körpə və ailəsinin xilaskarı – “Ulduzlar”
# 18 mart 2020 12:25 (UTC +04:00)

Doğulmasına şahidlik edən həkimlərin dediyi kimidir onun hekayəsi: ailəsinə şans və bərəkət gətirən körpə. Yoxsulluq içində keçən uşaqlıq illərindən İngiltərə klubunu çempionluğa daşıyan keşməkeşli yol...

2011-12 mövsümündə “Mançester Yunayted” kuboku başı üzərinə qaldırmaq üçün “Mançester Siti”nin oyunundan şad xəbər gözləyirdi. KPR-lə matçda 90+2-ci dəqiqə gedirdi, “şəhərlilər” 1:2 hesabı ilə geridə idilər. Bu nəticə “qırmızı şeytanlar”a çempionluq qazandıracaqdı. Ancaq 2 dəqiqə ərzində möcüzə baş verib. Əvvəlcə Edin Dzeko hesabı bərabərləşdirib. Son saniyələrdə isə səhnəyə çıxan Serxio Aquero “Mançester Siti”ni çempionluğa daşıyan qolun müəllifi olub.

Zəfərin memarı Aquero formasını çıxararaq, sağa-sola qaçdığı sırada ölkəsi Argentinanı da sevincə qərq edib. Uşaqlıqda aclıqdan ağlayan Aquero bu dəfə İngiltərə çempionu kimi sevinc göz yaşları axıdıb. Onu bura qədər yüksəldən çətin həyat hekayəsi hələ anadan olmamışdan başlayıb.

Beləliklə, “Ulduzlar” rubrikasının budəfəki qəhrəmanı Serxio Leonel Aquero del Kastilyodur.

Leonel del Kastilyo və Adriana Aquero ilk övladları Cessikanı qucaqlarına alanda müvafiq olaraq 18 və 19 yaşda idilər. Tukumandan Buenos Ayresə köçən ailə Leonelin tikdiyi kiçik bir daxmada yaşamağa başlayıb. Həftəiçi fərqli işlərlə məşğul olan Leonel həftəsonu evlərinin yaxınlığında olan meydançada təşkil edilən turnirlərdə pul qarşılığı futbol oynayıb. Bu ərəfədə cütlük ikinci uşaq gözlədiklərini öyrəniblər. Adriana Serxioya hamilə idi.

Ailə sevinclə aldığı bu xəbərin həyəcanını şəhəri bürüyən sel fəlakəti üzündən doyunca yaşaya bilməyib. Leonel və Adriananın da yaşadığı evi su basmış, yararsız hala salmışdı. 1988-ci ildəki bu təbii fəlakət nəticəsində 24 nəfər ölüb, 57 min adam evsiz qalıb. Serxioya hamilə olan Adriana iki həftə məktəblərin birində yerə sərilən döşək üzərində yataraq keçirib. Bu, onun səhhətinə də mənfi təsir göstərib. Nəticədə hamiləliyin 6,5 aylığında doğum sancısı çəkib. Bölgədəki xəstəxana onu qəbul edəcək durumda deyildi. Bu səbəbdən 3 saatlıq məsafədə olan başqa xəstəxanaya göndəriblər. Taksiyə verməyə pulu olmayan Adriana 2 avtobus və 1 qatar yolçuluğunun ardından xəstəxanaya çatıb və 2 ay orada qalıb. Ən azı normal yataqda yatırdı. Ancaq tək idi və durmadan ağlayırdı. Leonel hərdən həyat yoldaşını ziyarət etsə də, xəstəxana xərclərini qarşılamaq üçün çalışmaq məcburiyyətində idi. Ancaq onun canfəşanlığı da kifayət etmirdi. Gənc qadın xərclər tam ödənilmədiyi üçün xəstəxanadan çıxarılıb. Əksər böyük xəstəxanalar onu qapıdan içəri buraxmayıb. Nəhayət, La Matanzadakı kiçik bir xəstəxana Adriananı qəbul edib.

Ancaq bu dəfə də Aqueronun doğumunda problem yaranıb. Həkimlər körpənin ana bətnində düzgün istiqamətdə durmadığını aşkarlayıblar. Doğumun gerçəkləşməsi üçün yalnız bir yol var idi: “Forseps”dən istifadə olunmalı, uşağın körpücük sümüyü sındırılmalı idi. Adriananın bunu qəbul etməkdən başqa seçim şansı qalmamışdı. Doğum başladıqdan sonra möcüzə gerçəkləşib, Aquero sağlam şəkildə dünyaya gəlib. Həkimlər ona “gəlişi ilə birlikdə ailəsinə şans və bərəkət gətirəcək uşaq” deyiblər.

Serxio da atası kimi, evlərinin yaxınlığındakı boş ərazidə futbol oynayaraq böyüyüb. Uşaq vaxtı “Wanpaku Omukashi Kumu Kumu” cizgi filmini çox sevib və evdə həmişə “Kum Kum, Kum Kum” deyərək gəzib. Bir müddət sonra əvvəlcə babası, daha sonra isə bütün ailəsi onu Serxio kimi yox, “Kun” deyərək çağırmağa başlayıb. Hələ də kasıb idilər, səhərlər yalnız mate çayı ilə quru çörək yeyirdilər. Ancaq tarlada oynadığı futbol Serxioya gözəl gələcək hazırlayırdı. Hansı ki, bundan hər kəs xəbərsiz idi.

Əvvəlcə atasının çıxış etdiyi həvəskarlardan ibarət klubun aşağı yaş qrupu komandasında oynayıb. Bir müddət sonra çörək bişirməklə məşğul olan və könüllü şəkildə skautluq edən Xorxe Ariza tərəfindən kəşf edilib. Ariza onu təkcə oyununa görə yox, böyüklərin oyunu zamanı kənardan atasına taktiki göstərişlər verməsinə görə də bəyənib. Bu uşaq sonradan deyil, anadangəlmə futbolçu idi. Anasının “əvvəlcə məktəb” deməsinə baxmayaraq, “Loma Aleqre”, “Los Primos” kimi komandalarda oynadıqdan sonra “İndependiente” akademiyasına qəbul olunub. “İndependiente” rəhbərliyi Serxionun ailəsinə La Villada ev, Serxioya isə avtomobil və sürücü verib. 2004-cü ildə hələ 16 yaşı tamam olmamış əsas komandaya yüksələndə həkimlərin dediyi gerçəkləşmişdi. Aquero, həqiqətən də, ailəsini qurtaran xilaskar uşaq olmuşdu.

18 yaşında “İndependiente”ni tərk edəndə 54 matçda aktivində 23 qol var idi. Çox erkən yaşda Avropa macərası start götürüb. “Atletiko” onu 23 milyon avroya transfer edib. “Atletiko”da 5 illik parlaq çıxış Serxionu 2011-ci ildə sonradan saysız-hesabsız qollar, titullar gətirən yerə - “Mançester Siti”yə aparıb. Artıq İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar əcnəbi futbolçusudur. 32 yaşı olmasına baxmayaraq, hələ də oyunlarda rəqib qapısına doğru şığıyan kiçik “Kun” kimi həvəslidir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR