Tərlan Əhmədov: “Bütün bunlar “Qarabağ”a ikiqat yox, onqat motivasiyadır”

 Tərlan Əhmədov: “Bütün bunlar “Qarabağ”a ikiqat yox, onqat motivasiyadır”
  • Clock-gray 11:22
  • calendar-gray 22 Oktyabr 2020

“UEFA-nın qərarlarına heç vaxt etiraz etmək olmur. FİFA da, UEFA da ölkələr arasında baş verən münaqişələrə qarışmır, həmişə neytral mövqe tutur”.

Bunu apasport.az saytına “Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədov Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən “Qarabağ”ın Avropa Liqasında ev oyunlarının başqa ölkəyə salınmasına münasibət bildirərkən deyib.

Vaxtilə “Qarabağ”ın formasını geyinmiş (1993-1997, 2004) 49 yaşlı mütəxəssis komandanın ev oyunlarını başqa stadionlarda keçirməsinə öyrəşdiyini söyləyib: “Qərarın düzgün və yanlış olduğunu müzakirə edə bilmərik. “Qarabağ”, onsuz da, 30 ildir həm ölkə çempionatında, həm də avrokuboklarda oyunlarını rəqib meydançasında keçirir. Qarabağ bizim yaralı yerimizdir. 1993-cü il iyulun 23-də Ağdam işğal olunandan sonra avqustda “Qarabağ”a qoşuldum. Altı ay Mingəçevirdə qaldıq. Sonra gah bir həftə Şirvanda, gah Sumqayıtda olduq. Sonda Sumqayıtdakı Şəfa sanatoriyasında məskunlaşdıq. Yəni “Qarabağ” bu çətinliklərə öyrəşib. Buna baxmayaraq, uğurlu çıxışını davam etdirir”.

Onun fikrincə, ev matçlarının başqa ölkədə olması komandanın çıxışına təsir etməyəcək: “Düşünmürəm ki, bu amil Qurban Qurbanovun komandasına mənfi təsir göstərsin. Hər halda, hazırda baş verən proseslər - torpaqlarımızın işğaldan azad olunması, ordumuzun Dağlıq Qarabağdakı uğurlu döyüşü, Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını əzəmətli səsləndirməsi futbolçulara da böyük motivasiyadır. “Molde” ilə oyun da başqa ölkədə keçirilmişdi. Gəliş-gediş çətin olsa da, indiki vəziyyətdə bütün bunlar “Qarabağ”a ikiqat yox, onqat motivasiyadır. Komandanın artıq başqa yerdə oynamaq təcrübəsi böyükdür”.

Azərbaycan millisinin heyətində çıxış edərkən 1994-1995-ci illərdə ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirdiklərini xatırladan Əhmədov bu ölkənin ən ideal variant ola biləcəyini hesab edib: “Türkiyədə oynamaq “Qarabağ” üçün daha yaxşı olar. Türkiyədəki dəstəyi digər ölkələrdə görməyiniz mümkün deyil. O vaxt milli komandanın heyətində ev oyunlarımızı Trabzonda keçirəndə matçlarımıza 500-600 azarkeş gəlirdi. “Qarabağ”ın və millimizin görüşlərinin qardaş ölkəyə salınması futbolçularımıza əlavə stimul olar”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın Premyer Liqanı yanvara qədər ikinci plana atacağını da qeyd edib: “Hər həftə səfərə yollanmaq “Qarabağ”a çempionat oyunlarında da çətinlik yaradacaq. Məsələn, İsraildə oynadıqdan sonra gəlib çempionat matçına çıxmaq, ardından Türkiyəyə getmək, əlbəttə ki, böyük problemlər yaradacaq. Komanda yəqin ki, əsasən Avropa Liqasına diqqət yetirəcək, nəinki daxili birinciliyə. Onsuz da, bu komanda qrup mərhələsində çıxış etdiyi müddətdə çempionata üstünlük vermir. Onların Premyer Liqada əsas uğurlu oyunları qış fasiləsindən sonra olur. Qurban Qurbanov da hansı çətinliklərlə üzləşəcəklərini bilir və buna uyğun proqramını qurub”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının ilk oyununu bu gün Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcək. Azərbaycan çempionu II tur çərçivəsində oktyabrın 29-da İspaniya təmsilçisi “Vilyarreal”ı qəbul edəcək. Ancaq həmin matçın məkanı hələ bəlli deyil.

ApaSport

Digər xəbərlər