Vaqif Sadıqov: “Sözümüzü deməyin vaxtı çatıb” - MÜSAHİBƏ

Vaqif Sadıqov: “Sözümüzü deməyin vaxtı çatıb” - MÜSAHİBƏ
# 08 dekabr 2020 11:29 (UTC +04:00)

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupda yer alacaq. Püşkün nəticəsi sizin üçün ürəkaçan oldumu?
- İlk növbədə onu deməliyəm ki, 5 komandalı qruplar arasında, bəlkə də, ən münasib qrupa düşmüşük. Rəqiblərin çoxu bizə tanışdır. Aşkar favorit, şübhəsiz ki, Portuqaliyadır. Qrup birinciliyinə ən iddialı komanda onlardır. Lüksemburqdan üstün olduğumuzu sübut etmək, həmçinin İrlandiya və Serbiya ilə başabaş mübarizə aparmaq lazımdır. Yalnız İrlandiya ilə ilk dəfə qarşılaşacağıq. Britaniya futboluna üstünlük verən komandalarla görüşmüşük. İrlandiya da belə oyun üslubuna malik yığmadır.

- Dediniz ki, İrlandiya və Serbiya ilə başabaş mübarizə aparmaq olar. Hansı futbolçularla?
- Millətlər Liqası həm baş məşqçi, həm də komanda üçün sınaq, tanışlıq dövrü idi. Sınaqdan keçirilən xeyli futbolçu və müxtəlif oyun modelləri oldu. İndi Canni de Byazinin komandasının nəyə qadir olduğunu göstərmək vaxtı gəlib çatıb. Baş məşqçi də Millətlər Liqasındakı işlərinin bəhrəsini görmək istəyir. Reallığı öz xeyrimizə dəyişmək üçün bu bir şansdır. Bundan əvvəl də bildirmişəm ki, bizdə futbol oynamağı bacaran oyunçular var. Belə matçlarda özlərini göstərməklə Avropa klublarının diqqətini çəkə bilərlər.

- Yığmamızın Millətlər Liqasındakı zəif çıxışına əsasən seçmə mərhələdə nəyə ümid etmək olar?
- Baş məşqçi Azərbaycan futboluna artıq tam şəkildə bələddir. Bundan sonra fərqli strateji addımlar atılmalı və komanda seçmə mərhələdə sırf nəticəyə köklənməlidir. Hədəfi böyük olmayan futbolçu və ya komanda heç vaxt inkişaf edə bilməz. Biz də böyümək istəyiriksə, hər bir rəqibə qarşı maksimum güc ortaya qoymalıyıq. Bizim üçün bu qrupda ən vacibi Lüksemburqa borcu qaytarmaq, İrlandiya və Serbiya ilə də mübarizə aparmaqdır. Fikrimcə, adlarını çəkdiyim yığmalarla başabaş oynamaq olar.

- Canni de Byazi də Millətlər Liqasının onlar üçün sınaq olduğunu bildirmiş, yığmamızı dünya çempionatının final mərhələsinə çıxaracağından əmin danışmışdı. Bəs reallıq nədən xəbər verir?
- Təbii ki, hamımız bunu arzulayırıq. Əgər pillə-pillə irəliləsək, nə vaxtsa istədiyimizi reallığa çevirə biləcəyik. Ancaq indiki reallıq buna imkan vermir. Hər seçmə mərhələdə daha yüksək hədəflərə iddia etməklə arzumuza çatarıq. Bildiyim qədərilə yığmamız seçmə mərhələlərdə ən yaxşı halda qrup dördüncüsü olub. İndi qarşıya bundan da üstün nəticə hədəf qoyulmalıdır.

- Yəni 3-cü yer?
- Bir daha qeyd edirəm ki, Portuqaliya aşkar favoritdir. Lüksemburqla Millətlər Liqasında qarşılaşmışıq, onların gücünə bələdik. Serbiyaya qarşı da müsbət nəticəmiz var. Yalnız İrlandiya bizə yad komandadır. Cinah ötürmələrinə, standart vəziyyətlərə və sürətli hücumlara üstünlük verən rəqibdir. Bir mütəxəssis kimi düşünürəm ki, ən azı 3-cü yer uğrunda mübarizə aparmalıyıq. Artıq seçmə mərhələlərdə öz sözümüzü deməyin vaxtı gəlib çatıb. Bunun üçün də hamımız çalışmalıyıq. Bu, bizim hamımızın yığmasıdır. Bu gün milliyə, onun baş məşqçisinə dəstək vermək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR