Səbail rayon Məhkəməsində Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması bağlı təqdimata baxılıb.
APA xəbər verir ki, təqdimat təmin edilib və Alimpaşa Məmmədovun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.