Bakıda qətlə görə tutulan şəxsin günahsız olduğu ortaya çıxıb, zərərçəkən kimi tanınıb

Bakıda qətlə görə tutulan şəxsin günahsız olduğu ortaya çıxıb, zərərçəkən kimi tanınıb
# 15 may 2023 17:02 (UTC +04:00)

Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.

APA-nın əldə etdiyi xəbərə görə, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.

Baş verən dava zamanı Fərman Hüseynov ölüb.

Məlum olub ki, Fərman Hüseynov dava zamanı xəsarət almayıb və onun ölümünə ürək tutması səbəb olub.

Ona görə də hadisə zamanı saxlanılan Hidayət Cəfərov sərbəst buraxılıb.

Hidayət Cəfərovun ölən Fərman Hüseynovun oğlu tərəfindən döyülməsi faktı ilə bağlı hazırda araşdırma aparılır.

Hidayət Cəfərov iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR