Şabranda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1

Şabranda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1
# 31 avqust 2022 13:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

***

10.16

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09.17

Zaqatala və Şabranda mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə baş verən yanğınlar davam edir.

Bu barədə APA-nın sorğusuna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları tərəfindən yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün etibarilə hər iki rayonda mürəkkəb reylefli dağlıq-meşəlik ərazisində yanğınlar başlayıb. Zaqataladakı yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR